Məhkəmə qərarları › İş №e-2(110)-550/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-550/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-550/2022 19.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyirinə 5252.56 AZN əsas məbləğ üzrə, 1118.16 AZN faiz üzrə və 8.81 AZN cərimə olmaqla, cəmi 6379.53 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 83.80 manat məbləğində vəsaitin tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 1671nkBKX/20 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5255 AZN məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. İddiaçı "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində olan şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Unibank” KB ASC-nin Cavabdeh qarşı “kredit borcun tutulması tələbinə dair iddia ərizəsi baxılması üçün məhkəmənin icraatında olduğunu, iddia ərizələrinə onların iştirakları olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasınə xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışı iclaslarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 1671nkBKX/20 nömrəli Kredit və X2 aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a istehlak məqsədi ilə 60 (altmış) ay müddətinə illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 5255 (beş min iki yüz əlli beş) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı xx.xx.2020-ci il tarixli 324nkİNSH/20 nömrəli müqavilə üzrə 5254.56 AZN məbləğində borcun bağlanmasıdır. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borclarının xx.xx.2020 tarixli 324nkİNSH/20 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən askeptsiz qaydada silinir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsini istisna edir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun aktsepsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” kreditin kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 % miqdarında cərimə tətbiq edilir. Həmin Müqavilənin 3.7 ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Borcalan” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Borcalan” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Borcalan”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə “Bank“bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 1671nkBKX/20 nömrəli Kredit və X3 1 saylı əlavədən görünür ki, “Unibank“ KB ASC tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 60 ay müddətinə 5255 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2021 tarixləri ərzində ayda 109.50 manat, xx.xx.2021-xx.xx.2025 tarixləri ərzində ayda 154.24 manat, xx.xx.2025-ci il tarixində isə 1030.98 manat olmaqla, cəmi 9862.7 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Borcalanın əvvəlki borcunun silinməsi müqabilində onun bank hesabına 5254.56 manat məbləğində pul köçürülmüş, eyni zamanda Cavabdeh ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 26 noyabr 2021-ci il tarixə Cavabdeh Banka 5252.56 (beş min iki yüz əlli iki manat əlli altı qəpik) manat əsas borc, 1118.16 (bir min yüz on səkkiz manat on altı qəpik) manat məbləğində faiz borcu, 8.81 (səkkiz manat səksən bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 6379.53 (altı min üç yüz yetmiş doqquz manat əlli üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Unibank“ KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X4 vasitəsi ilə Dövlət büdcəsinin AZ21NABZ**********0000005944 saylı xəzinə hesabına 83.80 (səksən üç manat səksən qəpik) manat rüsum ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh 3 iş günü müddətində banka olan bütün borclarının ödənilməsi, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadlardan görünür ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 303 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1671nKBX/20 saylı kredit və X5nin şərtlərinə əsasən xx.xx.2022-ci il tarixli maliyyə arayışı məlumatlarının və hesabdan çıxarış məlumatlarının düzgünlüyü nəzərə alındıqda Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2022-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) olan əsas borc üzrə 5252.56 (beş min iki yüz əlli iki manat əlli altı qəpik) manat, faiz borcu üzrə 1118.16 (bir min yüz on səkkiz manat on altı qəpik) manat, cərimə borcu üzrə 8.81 (səkkiz manat səksən bir qəpik) manat təşkil edir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1671nkBKX/20 nömrəli Kredit və X3 əsasən “Borcalan”ın xx.xx.2020-ci il tarixli 324nkİNSH/20 nömrəli müqavilə üzrə 5254.56 AZN məbləğində borcunun bağlanması məqsədilə “Bank” yenidən 60 (altmış) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 5255 (beş min iki yüz əlli beş) manat məbləğində kredit “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və xx.xx.2020 – xx.xx.2021 tarixləri ərzində ayda 109.50 manat, xx.xx.2021-xx.xx.2025 tarixləri ərzində ayda 154.24 manat, xx.xx.2025-ci il tarixində isə 1030.98 manat olmaqla, cəmi 9862.7 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında“və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a 5252.56 manat əsas məbləğ üzrə, 1118.16 manat faiz üzrə və 8.81 manat cərimə olmaqla, cəmi 5046.96 manat borcu yaranmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 303 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 1671nkBKX/20 saylı Kredit Sazişi üzrə əsas borcu 5252.56 (beş min iki yüz əlli iki manat əlli altı qəpik) manat, faiz borcu 1118.16 (bir min yüz on səkkiz manat on altı qəpik) manat, cərimə borcu 8.81 (səkkiz manat səksən bir qəpik) manat olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2- ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” Müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 1671nkBKX/20 nömrəli Kredit və X5 üzrə 5252.56 (beş min iki yüz əlli iki manat əlli altı qəpik) manat əsas borc, 1118.16 (bir min yüz on səkkiz manat on altı qəpik) manat məbləğində faiz borcu, 8.81 (səkkiz manat səksən bir qəpik) manat cərimə olmaqla, cəmi 6379.53 (altı min üç yüz yetmiş doqquz manat əlli üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 83.80 (səksən üç manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 1671nkBKX/20 nömrəli Kredit və X5 üzrə 5252.56 (beş min iki yüz əlli iki manat əlli altı qəpik) manat əsas borc, 1118.16 (bir min yüz on səkkiz manat on altı qəpik) manat məbləğində faiz borcu, 8.81 (səkkiz manat səksən bir qəpik) manat cərimə, cəmi 6379.53 (altı min üç yüz yetmiş doqquz manat əlli üç qəpik) manat borc və 83.80 (səksən üç manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6463.33 (altı min dörd yüz altmış üç manat otuz üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar