Məhkəmə qərarları › İş №e-2(110)-565/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-565/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-565/2022 03.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, İK0109/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 91.89 (doxsan bir manat səksən doqquz qəpik) manat gecikdirilmiş faiz borcu, 1194.98 (bir min yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat gecikdirilmiş əsas borcu, 55.12 (əlli beş manat on iki qəpik) manat faiz borcu, 4498.76 (dörd min dörd yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5840.75 (beş min səkkiz yüz qırx manat yetmiş beş qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 78.41 (yetmiş səkkiz manat qırx bir qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" ASC tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İK0109/06 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli xx.xx.2020-ci il tarixli, İK0109/06 saylı zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə - müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1 bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqaqvilənin şərtlərini pozduğunu, borcalan tərəfindən kredit üzrə ödənişlər ödəniş qrafikinə uyğun həyata keçirilmədiyindən nəticədə xx.xx.2022-ci il tarixə kredit reyestrində Cavabdeh1 adına 355 gecikmə günü qeydə alındığını bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, İK0109/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan 91.89 manat (doxsan bir manat səksən doqquz qəpik) gecikdirilmiş faiz borcu, 1194.98 manat (bir min yüz doxsan dörd manat doxsan səkkiz qəpik) gecikdirilmiş əsas borcu, 55.12 manat (əlli beş manat on iki qəpik) faiz borcu, 4498.76 manat (dörd min dörd yüz doxsan səkkiz manat yetmiş altı qəpik) əsas borc olmaqla, ümumilikdə 5840.75 manat (beş min səkkiz yüz qırx manat yetmiş beş qəpik) kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 78.41 manat (yetmiş səkkiz manat qırx bir qəpik) dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə göndərək, ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair 2(110)-565/2022 saylı mülki işə məhkəmə tərəfindən baxıldığını, iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edildiyini, iddia tələblərini müdafiə etdiklərini, işlərinin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və müvafiq qərarın çıxarılmasını nəhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq оnlar məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərini iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir Belə ki, iş materillarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, İK0109/06 saylı kredit müaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır... Həmin Müqavilənin 2.10-cu bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Bank Borcalandan bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşsırılması üzrə xidmət haqqı olaraq 0.9% bank xərci tutumuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ZM 0109/06 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinin şərtinə əsasən Zamin xx.xx.2020-ci il tarixli, İK0109/06 nömrəli İstehlak krediti müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür; Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən X2rşısında xx.xx.2020-ci il tarixli, İK0109/06 nömrəli Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsidə daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, İK0109/06 nömrəli Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh1 illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 - xx.xx.2023 tarixləri ərzində 356.53 manat, xx.xx.2023-cü il tarixində isə 356.41 manat olmaqla, cəmi 12834.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 0026 nömrəli Xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 9910 manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, xx.xx.2020-ci il tarixli, İK0109/06 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 həmin tarixə Banka 91.89 (doxsan bir manat səksən doqquz qəpik) manat gecikdirilmiş faiz borcu, 1194.98 (bir min yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat gecikdirilmiş əsas borcu, 55.12 (əlli beş manat on iki qəpik) manat faiz borcu, 4498.76 (dörd min dörd yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 5840.75 (beş min səkkiz yüz qırx manat yetmiş beş qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-xx.xx.2022-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kreditin verilməsi təmin edilmiş və o, banka olan kredit borcu ilə əlaqədar müxtəlif vaxtlarda ödəmələr həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 78.41 manat (yetmiş səkkiz manat qırx bir qəpik) dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 31/001 saylı xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsi üçün 5 gün vaxt müəyyən etdiyini, bu müddət kredit borcunu ödəmədikdə verilmiş kreditin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2020ci il tarixli, İK0109/06 saylı Kredit Müqaviləsi bağlanmış, Müqaviləyə əsasən “Bank” “Borcalan”a istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verməyi, “Borcalan” isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 xx.xx.2023 tarixləri ərzində 356.53 manat, xx.xx.2023-cü il tarixində isə 356.41 manat olmaqla, cəmi 12834.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2020-ci il tarixli, İK0109/06 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kreditor qarşısında “Borcalan” ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Cavabdeh1 istifadə etdiyi krediti və həmin kreditə görə nəzərdə tutulmuş faizləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” və “Zamin” risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, onlar öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu müştərək qaydada Banka ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit razılaşmasının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh2 “Borcalan” Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Borcalan yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi və Zamin Cavabdeh2 da kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zaminlik müqaviləsi ilə “Bank” qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürdüyündən, “Bank” borcun alınması ilə bağlı Borcalan Cavabdeh1 və “Zamin” Cavabdeh2 qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, İK0109/06 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4498.76 (dörd min dörd yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat, faiz borcu üzrə 55.12 (əlli beş manat on iki qəpik) manat, gecikdirilmiş əsas borcu üzrə 1194.98 (bir min yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat, gecikdirilmiş faiz borcu üzrə 91.89 (doxsan bir manat səksən doqquz qəpik) manat olmaqla, ümumilikdə 5840.75 manat (beş min səkkiz yüz qırx manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 78.41 manat (yetmiş səkkiz manat qırx bir qəpik) dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, İK0109/06 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 4498.76 (dörd min dörd yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat, faiz borcu üzrə 55.12 (əlli beş manat on iki qəpik) manat, gecikdirilmiş əsas borcu üzrə 1194.98 (bir min yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat, gecikdirilmiş faiz borcu üzrə 91.89 (doxsan bir manat səksən doqquz qəpik) manat olmaqla, ümumilikdə 5840.75 (beş min səkkiz yüz qırx manat yetmiş beş qəpik) manat kredit borcu və 78.41 (yetmiş səkkiz manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5919.16 (beş min doqquz yüz on doqquz manat on altı qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar