Məhkəmə qərarları › İş №e-2(110)-576/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-576/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-576/2022 16.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə" mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 14665.5 (on dörd min altı yüz altmış beş manat əlli qəpik) manat məbləğində əsas borcun, 8450.25 (səkkiz min dörd yüz əlli manat iyirmi beş qəpik) manat məbləğində faiz borcunun, 409.89 (dörd yüz doqquz manat səksən doqquz qəpik) manat cərimə borcunun, cəmi 23525.64 (iyirmi üç min beş yüz iyirmi beş manat altmış dörd qəpik) manat borcun və 161 (bir yüz altmış bir) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 41 ay müddətinə, illik 25% olmaqla 20000 manat məbləğində kredit verildiyini, hazırda borclunun ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını, beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (zaminlər) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıdığını, kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh3 aid bütün öhdəlikləri icra etməli olduğunu bildirərək cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 14665.5 (on dörd min altı yüz altmış beş manat əlli qəpik) manat məbləğində əsas borcun, 8450.25 (səkkiz min dörd yüz əlli manat iyirmi beş qəpik) manat məbləğində faiz borcunun, 409.89 (dörd yüz doqquz manat səksən doqquz qəpik) manat cərimə borcunun, cəmi 23525.64 (iyirmi üç min beş yüz iyirmi beş manat altmış dörd qəpik) manat borcun və 161 (bir yüz altmış bir) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş, lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetə” xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş məktubunda icraatınızda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə" mülki iş olduğunu, məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməmələrini nəzərə alaraq məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materillarına əlavə olunmuş Kredit Sazişindən aydın olur ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Müştəri Cavabdeh3 və Zaminlər Cavabdeh2 və Cavabdeh1 qız arasında xx.xx.2019-cu il tarixli MK/19128/73/15 nömrəli Kredit Sazişi bağlanmışdır. Həmin Sazişin 1-ci hissəsinə əsasən Bank Müştəriyə istehlak məqsədilə, 36 ay müddətinə, illik 25% olmaqla, ilə 20000 manat kredit vermişdir. Həmin Sazişin 1-ci hissəsinə əsasən Müştəri Banka kredit xəttindən istifadə edilmiş məbləğlərə görə 100 manat komisyon haqqı müəyyən olunmuşdur. Həmin Sazişin 1-ci hissəsinə əsasən Müştərinin Xidmət şərtlərinin xüsusi hissəsinin 1.3-cü bəndi üzrə 1% cəlrimə ödənilməsi müəyyən olunmuşdur. Həmin Sazişin Kredit şərtləri bəndində tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur və şərtlərin bu sazişin ayrılmaz tərkib hissəsi sayıldığı və ona əlavə olunduğu qeyd edilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı, Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadı etməyi və kreditləri qaytarmağı , habelə kreditdən istifadəyə görə Banka faizlər (komisyon haqları) ödəməyi və girov qoyan və /və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. İş materiallarına əlavə olunmuş 29 dekabr 2019-cu il tarixli MK/19128/73/15 nömrəli Kredit Sazişinə 1 saylı Əlavəyə əsasən İddiaçı ASC-nin “Yasamal” filialı tərəfindən Cavabdeh3 illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmiş, Cavabdeh3 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2022 tarixləri ərzində ayda 795.2 manat, xx.xx.2022 tarixində isə 863.15 manat olmaqla, cəmi 28695.15 manat pulu İddiaçı ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********088 nömrəli Ödəniş tapşırığının surətindən görünür ki, “Bank of Baku“ ASC Yasamal filialı tərəfindən Cavabdeh3 imza etdirilməklə 20000 manat kredit verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş “xx.xx.2019-cu il tarixli MK/19128/73/15 nömrəli Kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair” xx.xx.2020-ci il tarixli Razılaşmadadan aydın olur ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Müştəri Cavabdeh3 və Zaminlər Cavabdeh2 və Cavabdeh1 qız arasında xx.xx.2019-cu il tarixli MK/19128/73/15 nömrəli Kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair kreditin ödənmə şərtlərində dəyişikliklər müəyyən olunmuşdur. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən Kredit müddəti 29 dekbr 2022-ci il tarixindən etibarən 5 (beş) ay müddətində uzadılır və bu müddət ərzində “Kredit müqaviləsi“ üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən “Kredit müqaviləsi“ üzrə 01 aprel 2020-ci il tarixindən etibarən 5 (beş) ay müddətinə, aşağıda qeyd olunan qaydada güzəşt müddəti tətbiq edilir. Həmin Razılaşmanın 2.1-ci bəndinə əsasən kredit borcunun resrukturizasiya edildiyi tarixə “Kredit alan”ın həmin tarixə olan cari əsas borcunun “Ödəniş cədvəli“üzrə qeyd edilmiş qalıq əsas borcundan az olduğu aydan sonrakı aydan başlayaraq resrukturizasiya edilən tarixədək olan aylar üzrə “Kredit alan”dan əsas borc məbləği tələb olunmur. Həmin tarixədək hesablanmış və ödənilməmiş faiz borcu isə xüsusi hesabda dondurularaq saxlanılır və güzəşt müddətinin bu hissəsində “Kredit alan”dan tələb edilmir. Həmin Razılaşmanın 2.2-ci bəndinə əsasən kredit borcunun resrukturizasiya edildiyi tarixdən sonrakı aylar üzrə güzəşt müddətinin sonuncu ayına qədər (həminn ay da daxil olmaqla) “Kredit alan”dan əsas borc məbləği tələb edilmir və yalnız faiz borcunun ödənilməsi tələb edilir. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən güzəşt müddətindən sonrakı aylarda annuitet qaydasında ödəniş üsulu tətbiq edilir. Həmin Razılaşmanın 4-cü bəndinə əsasən razılaşmanın 2.1-ci bəndində qeyd edilən güzəşt müddəti ərzində hesablanmış və ödənilməmiş, xüsusi hesabda dondurularaq saxlanılan 1487.45 (bir min dörd yüz səksən yeddi manat qırx beş qəpik) manat məbləğində faiz borcu aşağıda qeyd olunan qaydada “Kredit alan”dan tələb edilir. Həmin Razılaşmanın 4.1-ci bəndinə əsasən razılaşmanın 2.2-ci bəndində qeyd edilən güzəşt müddəti ərzində Kredit borcunun resrukturizasiya edildiyi ay üzrə resrukturizasiyanın həyata keçirildiyi gündən sonrakı gün, növbəti aylarda isə hər ayın ödəniş tarixindən sonrakı gün aylıq faiz borcunun üzərinə güzəşt müddətinin birinci hissəsində xüsusi hesabda dondurularaq saxlanılmış faiz məbləğinin maksimum 10 (on) %-i əlavə edilir. İş materiallarına əlavə olunmuş 29 dekabr 2019-cu il tarixli MK/19128/73/15 nömrəli Kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair” xx.xx.2020-ci il tarixli Razılaşmaya 1 saylı Əlavəyə əsasən İddiaçı ASC-nin “Yasamal” filialı tərəfindən Cavabdeh3 illik 25 faiz dərəcəsi ilə 41 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmiş, Cavabdeh3 3-7 - ci aylar güzəşt olunmaqla isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2020 tarixləri və xx.xx.2020 xx.xx.2023 tarixləri ərzində ayda 795.2 manat, xx.xx.2023 tarixində isə 3436.23 manat olmaqla, cəmi 31818.59 manat pulu İddiaçı ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019 – xx.xx.2022-ci il dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 20000 (iyirmi min) manat məbləğində kreditin verilməsi təmin edilmiş və o, kreditin verilməsi məqsədi ilə onun adına açılmış Bank hesabı vasitəsi ilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh3 Banka 14665.5 (on dörd min altı yüz altmış beş manat əlli qəpik) manat əsas, 8450.25 (səkkiz min dörd yüz əlli manat iyirmi beş qəpik) manat faiz və 409.89 (dörd yüz doqquz manat səksən doqquz qəpik) manat cərimə borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli bidirişlərin məzmunundan görünür ki, İddiaçı ASC-yə olan 14665.5 manat əsas, 8093.65 manat faiz və 409.89 manat məbləğində cərimə borcunu 3 gün ödəməsi ilə bağlı bildiriş göndərmiş, bu müddət ərzində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı, Bankın tələbləri, məhkəmə xərcləri, icra hərəkətlərinə çəkilən xərclərin ondan tutulacağı, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin ləğv ediləcəyi barədə xəbərdar olunsada, iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən X2 vasitəsi ilə ********* nömrəli qəbzlə dövlət büdcəsinə 161 (bir yüz altmış bir) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-576/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadlardan görünür ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 293 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-nə kredit üzrə xx.xx.2022-ci il tarixə ( maliyyə arayışı verildiyi tarixə) olan əsas borcu 14989.14 (on dörd min doqquz yüz səksən doqquz manat on dörd qəpik) manat, faiz borcu 8268.46 (səkkiz min iki yüz altmış səkkiz manat qırx altı qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırki tədqiqatla Cavabdeh3 cərimə hesablanmır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-576/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASCnin “Yasamal” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK/19128/73/15 nömrəli Kredit Sazişinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 25% olmaqla 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli Razılaşma ilə xx.xx.2019-cu il tarixli MK/19128/73/15 nömrəli Kredit Sazişi restruktrizasiya olunaraq kredit müddəti 5 ay uzadılmışdır. 29 dekabr 2019-cu il tarixli MK/19128/73/15 nömrəli Kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair” xx.xx.2020-ci il tarixli Razılaşmaya 1 saylı Əlavəyə əsasən İddiaçı ASC-nin “Yasamal” filialı tərəfindən Cavabdeh3 illik 25 faiz dərəcəsi ilə 41 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit verilmiş, Cavabdeh3 3-7 - ci aylar güzəşt olunmaqla isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2020 tarixləri və xx.xx.2020 - xx.xx.2023 tarixləri ərzində ayda 795.2 manat, xx.xx.2023 tarixində isə 3436.23 manat olmaqla, cəmi 31818.59 manat pulu İddiaçı ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə müvafiq olaraq zaminlər Cavabdeh2 və Cavabdeh1 “Kredit alan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Kredit alan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. "xxxx" ASC “Kredit alan” və “Zamin”lərə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 293 saylı ekspert rəyindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli MK/19128/73/15 saylı Kredit Sazişi üzrə əsas borcu 14989.14 (on dörd min doqquz yüz səksən doqquz manat on dörd qəpik) manat faiz borcu 8268.46 (səkkiz min iki yüz altmış səkkiz manat qırx altı qəpik) manat olması qənatinə gəlmişdir. Lakin iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə cavabdehdən əsas borc üzrə 14665.5 (on dörd min altı yüz altmış beş manat əlli qəpik) manat pulun tutulması xahiş olunduğundan, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən 14665.5 (on dörd min altı yüz altmış beş manat əlli qəpik) manat məbləğində pulun tutulması qənaətinə gəlir. Eyni zamanda məhkəmə faiz borcu üzrə ekspert rəyi ilə eyni mövqedən çıxış edərək bu qənaətə gəlir ki, faiz borcu iddia tələbi üzrə 8268.46 (səkkiz min iki yüz altmış səkkiz manat qırx altı qəpik) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bu qənaətə gəlir ki, Müştəri Cavabdeh3 oğlu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə Bank qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən Bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə tələb olunan 409.89 (dörd yüz doqquz manat səksən doqquz qəpik) manat məbləğində cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə kredit məbləğini və ödənilməmiş qalmış əsas borcun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tələb olunan 409.89 (dörd yüz doqquz manat səksən doqquz qəpik) manat məbləğində cərimə məbləğinin əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, cərimə pulunun 40 (qırx) manat həcmində müəyyənləşdirilməsini tərəflərin mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zaminlər Cavabdeh2 və Cavabdeh1 “Kredit alan” Cavabdeh3 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş müqaviləni imzalamaqla təsdiq etmişdir. Lakin “Kredit alan” Cavabdeh3 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zaminlər Cavabdeh2 və Cavabdeh1 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, “Kredit alan” əsas öhdəliyini lazımi qaydada yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; - 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Beləliklə də, məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudur. Ona görədə tərəflər bağlanmış kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 14665.5 (on dörd min altı yüz altmış beş manat əlli qəpik) manat, faiz borcu üzrə 8268.46 (səkkiz min iki yüz altmış səkkiz manat qırx altı qəpik) manat, cərimə olaraq 40 (qırx) manat olmaqla, cəmi 22973.96 (iyirmi iki min doqquz yüz yetmiş üç manat doxsan altı qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 161 (bir yüz altmış bir) manat dövlət rüsumunun 4 (dörd) manatı iddiaçıya aid edilməli, 157 (bir yüz əlli yeddi) manatı isə cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 14665.5 (on dörd min altı yüz altmış beş manat əlli qəpik) manat, faiz borcu üzrə 8268.46 (səkkiz min iki yüz altmış səkkiz manat qırx altı qəpik) manat, cərimə olaraq 40 (qırx) manat, cəmi 22973.96 (iyirmi iki min doqquz yüz yetmiş üç manat doxsan altı qəpik) manat və 161 (bir yüz altmış bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun 157 (bir yüz əlli yeddi) manatı olmaqla, ümumilikdə 23130.96 (iyirmi üç min bir yüz otuz manat doxsan altı qəpik) manat borc pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar