Məhkəmə qərarları › İş №e-2(110)-609/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-609/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-609/2025 21.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 6566,91 manat əsas, 973,75 manat faiz borcu, 165,82 manat cərmə borcu olmaqla, cəmi 7706,48 manat məbləğində kredit borcunun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə kredit sazişi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 26% faiz dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmçinin borclu Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə öhdəlik götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Yalnız İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə göndərək məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, CC/62223/90/22 saylı kredit sazişindən görünür ki, həmin tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanılmış, müqaviləni borclu Cavabdeh1 və zamin Cavabdeh2 imzalamışdır. Bu müqaviləyə əsasən tərəflər Bank tərəfindən Cavabdeh1 illik 26% dərəcəsi ilə 48 ay müddətinə 8500 manat məbləğində kreditin verilməsi barədə razılıq əldə etmişlər. Müqavilənin ayrılmaz tərkib hissəsi olan İddiaçı ASC-nin ”26” aprel 2014-cü il tarixli Müştərilərin Kreditləşmə və Xidmət Şərtlərinin 1.1.8-ci bəndində qeyd olunmuşdur ki, “Zamin” kredit müqaviləsi üzrə Bank qarşısında Müştəriylə eyni həcmdə məsuliyyət daşıyır. Bank of Baku” ASC-nin ”26” aprel 2014-cü il tarixli Müştərilərin Kreditləşmə və Xidmət Şərtlərinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, müqaviləyə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə Banka faizlər ödəməyi və Girov qoyan və/ və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. Bank of Baku” ASC-nin ”26” aprel 2014-cü il tarixli Müştərilərin Kreditləşmə və Xidmət Şərtlərinin 6.8-ci bəndində qeyd olunmuşdur ki, zamin müqavilədən irəli gələn öhdəlikləri Müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Müştəri ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 8500 manat pul vəsaiti təhvil verilmişdir. Tərəflər bu faktı öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 6566,91 manat əsas, 973,75 manat faiz borcu, 165,82 manat cərimə borcu vardır. İş materiallarında olan kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hər ay 286,60 manat, sonuncu ay isə yəni xx.xx.2027-ci il tarixdə 292,85 manat ödəməlidir. Qeyd olunan ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. İş materialarında olan 24 fevral 2025-ci il tarixli pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar olaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlara yazılı xəbərdarlıq edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 742.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı zaminliklə təmin olunmuş öhdəliyin icra edilməsi (borcun (kreditin) geri qaytarılması) ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı etibarlı kredit müqaviləsinin tələblərinə əsasən kredit verən kredit alana 8500 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüş, lakin sonradan Cavabdeh1 müqavilə üzrə müəyyən məbləğdə ödəniş etmiş, müqavilə üzrə qalan borcunu ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əsasən kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu ödəmək öhdəliyi var və Cavabdeh2 isə həmin öhdəliyə görə zamin kimi borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminlik müqaviləsində zaminlərin subsidiar məsuliyyəti nəzərdə tutulmamış, həmçinin zaminlik onun əsasını təşkil edən borcun qaytarılması və ya Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam olunmamışdır. Bu isə o deməkdir ki, zaminlər yetərincə icra edilməmiş öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıyırlar. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər (MM 501-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri kredit müqaviləsindən əmələ gələn öhdəliklərdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc (kredit) münasibətləri xx.xx.2023-cü il tarixdə yarandığından, bu münasibətlərə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 742.1-ci maddələrinin əvvəlki redaksiyası tətbiq edilməlidir. Belə ki, həmin maddələr 31 mart 2023-cü il tarixdən etibarən yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinin əvvəlki redaksiyasına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmçinin Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin məcəllənin 477-ci maddəsində isə qeyd olunmuşdur ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: -477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; -477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; -477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; -477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış zaminliklə təmin olunmuş kredit müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq kredit məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan-Cavabdeh1 və zaminin kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə qeyd olunan şərtlərlə borcverən- İddiaçı ASC-yə ödəmək öhdəlikləri yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün birgə cavabdehdirlər. Beləliklə də, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia təmin edilməli; -xx.xx.2023-cü il tarixli, CC/62223/90/22 saylı kredit sazişi üzrə 6566,91 manat əsas, 973,75 manat faiz borcu, 165,82 manat cərimə borcu olmaqla, ümumilikdə 7706,48 manat (yeddi min yeddi yüz altı manat, qırx səkkiz qəpik) məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətеtdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, CC/62223/90/22 saylı kredit sazişi üzrə 6566,91 manat (altı min beş yüz altmış altı manat, doxsan bir qəpik) əsas, 973,75 manat (doqquz yüz yetmiş üç manat, yetmiş beş qəpik) faiz borcu, 165,82 manat (bir yüz altmış beş manat, səksən iki qəpik) cərmə borcu olmaqla, ümumilikdə 7706,48 manat (yeddi min yeddi yüz altı manat, qırx səkkiz qəpik) məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar