Məhkəmə qərarları › İş №e-2(110)-641/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-641/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-641/2025 04.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 910.73 (doqquz yüz on manat 73 qəpik) əsas borc, 26.92 (iyirmi altı manat 92 qəpik) faiz borcu və 10.00 (on) manat dəbbə borcu olmaqla, cəmi 947.65 (doqquz yüz qırx yeddi manat 65 qəpik) məbləğində borcun və 30.00 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 29 mart 2024-cü il tarixli SUMG2-2547-546 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 38% faiz olmaqla 18 ay ərzində qaytarılması şərtilə 1500.00 (min beş yüz) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nn birgə məsuliyyətini müəyyən edən 29 mart 2024-cü il tarixli SUMG2-2547-546 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 110.00 (yüz on) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kreditverən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 29 aprel 2025-ci il tarixi üçün Cavabdeh1 Kredit müqaviləsi üzrə 910.73 (doqquz yüz on manat 73 qəpik) əsas borc, 26.92 (iyirmi altı manat 92 qəpik) faiz borcu və 84.84 (səksən dörd manat 84 qəpik) manat dəbbə borcu olmaqla, cəmi 1 022.49 (min iyirmi iki manat 49 qəpik) borcu nmövcuddur. İddiaçı xx.xx.2025-ci il tarixində Kredit müqaviləsinə xitam vermiş və borcun tam şəkildə qaytarılmasını tələb etmişdir. Yazılı sübutlar: İş materiallarında olan 29 mart 2024-cü il tarixli SUMG2-2547-546 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə iddiaçı "xxxx" MMC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər kredit müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Belə ki: - müqavilənin 1.1-ci bəndinə əsasən “Kredit verən” “Borcalan”a 1500 manat məbləğində 24 ay müddətinə istehlak krediti verir; - müqavilənin 2.1-ci bəndinə əsasən “Borcalan” illik 38% ödəyir. Əsas borcun üzərinə gecikdirilən günlər üçün də faiz hesablanır. Kredit müqaviləsində göstərilən faizlər kredit müddəti bitdikdən sonra da hesablanır, bu şərtlə ki, kredit öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməsin. - müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. - müqavilənin 2.5-ci bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi 42,41% təşkil edir. - müqavilənin 4.3-cü bəndinə əsasən “Borcalan” kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "ödəniş cədvəli" ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən “Kredit verən” hər gecikdirilən təqvim günü üçün ödənilməmi cari borcun 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, SUMG2-2547-546+SUMG2-2608 saylı Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. - zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə 9 mart 2024-cü il tarixli SUMG2-2547-546 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün “zamin” və “borclu”nun “kreditor” qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. - zaminlik müqaviləsinin 2.1-cı bəndinə əsasən “zamin” və “borclu” razılaşırlar ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, 993110******1007 nömrəli kart Cavabdeh1 tərəfindən təhvil alınmışdır. Qeyd olunan akt cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, iddia tələbində göstərilən məbləğdə pul bank tərəfindən borcalanın hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh1 910,73 manat əsas, 26,92 manat faiz, 10 manat dəbbə borcu olmaqla, cəmi 1022,49 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli sonuncu pretenziya məktubundan isə Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməməsi və bununla bağlı "xxxx" MMC tərəfindən cavabdehə xəbərdarlıq göndərilməsi aydın olur. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh1 hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı borcun (kreditin) geri qaytarılması ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2023-cü il "xxxx" MMC ilə Cavabdeh1 arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı etibarlı kredit müqaviləsinin tələblərinə əsasən Bank öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, cavabdehə 1500 manat məbləğində 24 ay müddətinə kredit vermişdir. Cavabdeh pul vəsaitini qəbul etmiş və iddiaçıya kreditin bütün məbləğini, əsas borcu, kreditdən istifadəyə görə bu müqaviləyə əsasən hesablanmış faizləri, dəbbə pulunu, borcların yığılması ilə əlaqədar digər xərclərin ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan Cavabdeh1 müqavilə üzrə müəyyən məbləğdə ödəniş etmiş, müqavilə üzrə qalan borcunu ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Həmçinin həmin tarixdə "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında yazılı şəkildə etibarlı zaminlik müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış zaminlik müqavilələrinə əsasən kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu ödəmək öhdəliyi var və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə həmin öhdəliyə görə zamin kimi borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminlik müqavilələrində zaminlərin subsidiar məsuliyyəti nəzərdə tutulmamış, həmçinin zaminlik onun əsasını təşkil edən borcun qaytarılması və ya Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam olunmamışıdır. Bu isə o deməkdir ki, zaminlər yetərincə icra edilməmiş öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıyırlar. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər (MM 501-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri kredit müqaviləsindən əmələ gələn öhdəliklərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin məcəllənin 477-ci maddəsində isə qeyd olunmuşdur ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: -477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; -477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; -477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; -477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış zaminliklə təmin olunmuş kredit müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq kredit məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan-Cavabdeh1 və zaminlərin kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə qeyd olunan şərtlərlə borcverən- "xxxx" MMC-yə ödəmək öhdəlikləri yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün birgə cavabdehdirlər. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia təmin edilməli; -xx.xx.2024-cü il tarixli SUMG2-2547-546 saylı kredit müqaviləsinə əsasən 910,73 manat əsas borc, 26.92 manat faiz borcu və 10.00 manat dəbbə borcu olmaqla, cəmi 947,65 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli SUMG2-2547-546 saylı kredit müqaviləsinə əsasən 910,73 manat (doqquz yüz on manat yetmiş üç qəpik) əsas borc, 26,92 manat (iyirmi altı manat doxsan iki qəpik) faiz borcu və 10 (on) manat dəbbə borcu olmaqla, cəmi 947,65 manat (doqquz yüz qırx yeddi manat altmış beş qəpik) məbləğində pul Şərur rayonunun Tənənəm kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kəngərli rayonunun Qarabağlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar