Məhkəmə qərarları › İş №e-2(110)-68/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-68/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-68/2024 23.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” KB-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/127082/14 nömrəli kredit müqaviləsi üzrə 775,32 manat əsas, 622,44 manat faiz, 2366,36 manat məbləğində cərimə borcu, 265,98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 4030,10 manat məbləğində pulun və 60,31 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” KB-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/127082/14 kredit müqaviləsinə əsasən ona illik 28% dərəcəsi ilə 12 ay müddətinə 1000 manat məbləğində kredit verildiyini, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin məhkəmə sənədləri icra nümayəndəsi tərəfindən qəbul edilmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixdə telefonoqram göndərilən zaman Bakı şəhərində yaşadığını, iddianı qismən qəbul etdiyini, faiz və cərimə borcunu qəbul etmədiyini bildirmişdir. İddiaya yazılı münasibət bildirməsi ilə bağlı qanunvericiliyin normaları cavabdehə izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2015-ci il tarixli 1xx/xx/127082/14 saylı kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə illik 28% dərəcəsi ilə 1000 manat kredit verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh hesabına 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 231120080/348 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 775,32 manat əsas, 622,44 manat faiz, 2366,36 manat məbləğində cərimə borcu, 265,98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 4030,10 manat kredit borcu vardır. Ekspert rəyi: İş materiallarında olan xx.xx.2024-ci il tarixli 273 №-li ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/127082/14 saylı kredit müqaviləsi üzrə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” KB-yə xx.xx.2023-cü il tarixə 769,79 manat əsas, 156,27 manat faiz, 892,72 manat məbləğində cərimə borcu, 254,99 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə borcu 2073,77 manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” KB ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, hesabdan çıxarış, maliyyə arayışı, ödəniş cədvəli və.s) qismən sübuta yetirmişdir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin kredit xətti müqaviləsi üzrə əsas borcu 769,79 manat, faiz borcu 156,27 manat, 892,72 manat cərimə borcu, 254,99 manat gecikdirilmiş faiz məbləği təşkil edir. Cavabdeh hər hansı ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə əsaslandırılmış şəkildə tərtib olunmuş ekspert rəyini iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından əsaslı hesab edir, rəydə müəyyən edilmiş əsas borc və faiz borclarının cavabdehdən tutulması, cərimə borcunun isə tənübsüz surətdə yüksək olduğundan əsas borca nisbətdə azaldılması qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin kredit menasibətlərinin yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məhkəmə dəbbə pulu (cərimə) borcu ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 769,79 manat əsas borca münasibətdə 892,72 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 769,79 manat əsas borca mütanasib olaraq 76 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 18,81 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayon Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 769,79 manat əsas borc, 156,27 manat faiz borcu, 76 manat məbləğində cərimə borcu, 254,99 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə isə 1257,05 manat (bir min iki yüz əlli yeddi manat beş qəpik) borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 18,81 manat (on səkkiz manat səksən bir qəpik) dövlət rüsumu alınaraq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” KB-nin hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar