Məhkəmə qərarları › İş №e-2(110)-690/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-690/2025

18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-690/2025 18.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb:

1. İddiaçı "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 275 (iyirmi beş min iki yüz yetmiş beş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 165,82 (yüz altmış beş, səksən iki) manat dövlət rüsumu, ümumilikdə 25 440,82 (iyirmi beş min dörd yüz qırx, səksən iki) manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X7” markalı, ** HA *** dövlət nömrə nişanlı avtomobil MİB220188 nömrəli şəhadətnamə ilə xx.xx.2023-cü il tarixində “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “HOWO ZZ3257N3847A” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “X7” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakl şəhər DYPİ Yol patrul xidməti tərəfindən qəbul olunmuş Qərarla “HOWO ZZ3257N3847A” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “X7” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə 33 076 (otuz üç min yetmiş altı) manat məbləğində maddi zərər dəymişdir. MİB220188 saylı sığorta şəhadətnaməsinə və AKS240273 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 25 275 (iyirmi beş min iki yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Tərəflərin izahatları: 3.İddiaçı "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh verdiyi izahatında katlavandan yük götürdüyünü, bu maşını birinci dəfə idi ki, sürdüyünü, işıqforda həmin maşının durduğunu, ona yaxınlaşan zaman ayağını əyləcə atdığını, əyləcin olmadığını fərq etdiyini, nə qədər çalışsa da maşını saxlaya bilmədiyini, həmin avtomobili arxadan vurduğunu, qəzanın zəncirvari olduğunu, sonra sığortadan əməkdaşların gəldiyini, ölçüb-biçdiklərini, bu hadisədən bir il sonra onu məhkəməyə çağırdıqlarını, onun bu məsələnin həll olunduğunu hesab etdiyini, onun sürdüyü avtomobilin də sığortalı olduğunu, ona həmin məbləğdən 5000 manatını sığorta tərəfindən ödəniləcəyini dediklərini, orda yazılan məbləğin çox olduğunu, yazıldığı qədər də ziyan dəymədiyini, yalnız arxa tərəfdən əzildiyini, sürüşərək ön tərəfdəki avtomobilə dəyərək ön tərəfdən az zədə aldığını, onun etibarnaməsi olduğunu, çünki polis idarəsinə getdiyi zaman ona heç nə deyilmədiyini, barəsində inzibati protokol tərtib olunduğunu, 40 manat cərimə ödədiyini, müdirinin ona məsələnin həll olunduğunu dediyini bildirmişdir.

5. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır.

İş materialları:

9. xx.xx.2022-ci il tarixli, MİB220188 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, X3 məxsus “X7” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Meqa Sığorta” ASC-də xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək müddətdə avtonəqliyyat vasitəsitələrinin tam sığortası (avtokasko) üzrə sığortalı olmuşdur.

10. Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, həmin qərar ilə Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 23:10-da İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

11. xx.xx.2024-cü il tarixli qəzaya uğramış avtomobilin real bazar dəyəri və qalıq hissəsinin qiymətləndirilməsinə dair aktının surətindən görünür ki, X3 məxsus zədələnmiş “X7” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərclərinin ümumi məbləği 33076 manat təşkil edir.

12. xx.xx.2024-cü il tarixli, AKS240273 №-li sığorta ödənişi aktının surətindən və xx.xx.2024-cü il tarixli, İB**********-000097-240731 nömrəli ödəniş tapşırığından görünür ki, "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən AKS240273 akta əsasən X3 25275,00 manat sığorta ödənişi ödənilmişdir.

13. Verilmiş sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyester baş idarəsinin məktubundan görünür ki, “HOWO ZZ3257N3847A” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X4 tərəfindən Cavabdeh verilmiş etibarnamə xx.xx.2024-cü il tarixdə saat 23:12-də Bakı şəhəri 31 saylı notariat ofisində təsdiq edilmişdir.

14. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 165,82 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

15. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh idarə etdiyi “HOWO ZZ3257N3847A” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024cü il tarixdə "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanan X2 idarə etdiyi “X7” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə qeyd olunan avtomobilə 33076 manat məbləğində maddi zərər dəymişdir. Hadisə zamanı zərərçəkmişin idarə etdiyi nəqliyyat vasitəsinin avtonəqliyyat vasitələrinin könüllü sığortası (Kasko) "Meqa Sığorta” ASC-də qüvvədə olmuşdur. İddiaçı "Meqa Sığorta” ASC tərəfindən “X7” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X3- 25275,00 (iyirmi beş min iki yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi edilmişdir. Hadisə zamanı Cavabdeh xx.xx.2024-cü il tarixdə “HOWO ZZ3257N3847A” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmiş və araməsafəsi qaydalarını pozmuşdur.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir.

17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926-cı maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulub-pozulmamasına qiymət verilməlidir.

19. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır.

20. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb hüququ vardır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuş ki, Cavabdeh idarə etdiyi “HOWO ZZ3257N3847A” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanan X2 idarə etdiyi “X7” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Nəticədə qeyd olunan avtomobilə 33076 manat məbləğində maddi zərər dəymişdir. Hadisə zamanı zərərçəkmişin idarə etdiyi nəqliyyat vasitəsi avtonəqliyyat vasitələrinin könüllü sığortası (Kasko) "Meqa Sığorta” ASC-də qüvvədə olmuşdur. İddiaçı "Meqa Sığorta” ASC tərəfindən “X7” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X3- 25275,00 (iyirmi beş min iki yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi edilmişdir. Hadisə zamanı Cavabdeh xx.xx.2024-cü il tarixdə “HOWO ZZ3257N3847A” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyindən və araməsafəsi qaydalarını pozduğundan sığorta hadisəsi hesab edilən yol nəqliyyat hadisəsi onun təqsiri üzündən baş vermiş, bununla da "Meqa Sığorta” ASC tərəfindən zərərçəkənə ödənilmiş 25275,00 (iyirmi beş min iki yüz yetmiş beş) manat sığorta ödənişi əsasında iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

23. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumu 165.82 manat cavabdehdən tutulmalıdır.

Nəticə:

24. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 25275,00 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 165,82 (bir yüz altmış beş manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: İddia təmin edilsin. Cavabdeh 25275,00 (iyirmi beş min iki yüz yetmiş beş) manat məbləğində pul tutularaq iddiaçı "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 165,82 (bir yüz altmış beş manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar