Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-694/2025 21.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 İddiaçı MMC-nin cavabdeh X4 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 300 manat əsas borc, 30 manat gecikdirilmiş peniya məbləği olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat pulun, habelə iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin təsisçisi, Nümayəndə Cavabdeh ilə 17 avqust 2024-cü il tarixində 70 nömrəli kredit-satış müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh “Samsung A54” markalı mobil telefonu 9 aylıq kreditlə, 1000 manat dəyərində almış, bu müddət ərzində ilkin ödəniş də daxil olmaqla 700 manatını ödəmiş, lakin qalan 300 manat məbləği ödəməkdən imtina etmişdir. Müqavilə şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) nəzərdə tutulmuşdur. Bu müddət üzrə 30 manat məbləğində peniya hesablanmışdır. Beləliklə, cavabdehin 300 manat əsas borcu, 30 manat peniya və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 360 manat məbləğin ondan tutulub iddiaçının xeyrinə ödənilməsi tələb olunur. Yazılı sübutlar: İş materiallarında olan 17 avqust 2024-cü il tarixli, 70 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə cavabdeh X6 ilə iddiaçı arasında 1000 manat dəyərində “Samsung A54” markalı mobil telefonun nisyə alqı-satqısına dair müqavilə imzalanmışdır İş materiallarında olan 17 avqust 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan 17 avqust 2024-cü il tarixli malın və məlumatın təsdiq edilməsi protokolundan görünür ki, alıcı İddiaçı MMC-dən dəyəri 1000 manat olan (Samsung A54 markalı) mobil telefonu razılaşaraq 9 ay müddətinə kreditlə almış, alınan malın 100 manatını nağd qaydada, qalan 900 manatını isə göstərilən cədvəl əsasında müntəzəm olaraq aylıq ödəməyi (İ ay- 150 manat, İİ ay- 150 manat, İİİ ay – 150 manat, İV ay -150 manat, V ay- 150 manat, Vİ ay – 150 manat olmaqla) öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 17 avqust 2024-cü il tarixli, 70 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranan borcu 300 manat təşkil edir. Bundan əlavə hesablanmış peniya pulu 30 manat olmaqla, ümumlikdə 330 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, X6 müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmədiyindən bununla bağlı İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh X4 hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 597.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı pul məbləğinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, 17 avqust 2024-cü il tarixdə tərəflər arasında müqavilə azadlığı prinsipi çərçivəsində əşyaların alqı-satqı müqaviləsi bağlanılmış, tərəflər öz iradələrinə uyğun olaraq bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətinii müəyyən etmiş, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanılmış etibarlı alqı-satqı müqaviləsinin tələblərinə əsasən satıcı (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, dəyəri 1000 manat olan “Samsung A54” markalı telefonu 9 aylıq kreditlə cavabdehin istifadəsinə vermiş, alıcı (cavabdeh) isə iddiaçıdan (satıcıdan) aldığı əşyaların əvəzində müəyyənləşdirilmiş pul məbləğlərini (qiyməti) əşyaların cavabdehə (alıcıya) verilməsindən müəyyən müddət sonra hissə-hissə ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan cavabdeh 17 avqust 2024-cü il tarixli müqavilə üzrə 100 manat ilkin ödəniş də daxil olmaqla cəmi 700 manat hissə-hissə ödəniş etmiş, müqavilə üzrə qalan borcunu ödəməmiş, beləliklə də tərəflər arasında bağlanılmış alqısatqı müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən isə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtləri baxımından, müvafiq müqavilələr imzalandığı andan və müqavilələr üzrə satılan əşyalar satıcı tərəfindən alıcıya verildiyi andan, alıcı-X3 alqı-satqı predmeti olan əşyaların qiymətini müqavilələrdə qeyd olunan şərtlərlə satıcı-İddiaçı MMC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış 17 avqust 2024-cü il tarixli müqavilənin 4.4-cü bəndində qeyd olunmuşdur ki, “Alıcı” tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə-2-ödəniş cədvəl”ində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə, “Alıcı” müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən “Müqaviləyə” görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5 % məbləğində ödənişi “Satıcı”ya ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olmasına baxmayaraq, iddiaçı tərəfindən cavabdehin 17 avqust 2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 30 manat məbləğində cərimə 300 manat məbləğində əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüzdür. Bu səbəbdəb də, məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 15 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia qismən təmin edilməli; - 17 avqust 2024-cü il tarixli, 70 nömrəli alqı-satqı müqaviləsi üzrə 300 manat əsas borc, 15 manat cərimə borcu olmaqla, cəmi 315 manat məbləğində pul Şərur rayonunun Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməli; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,64 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 17 avqust 2024-cü il tarixli, 70 nömrəli alqı-satqı müqaviləsi üzrə 300 (üç yüz) manat əsas borc, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 315 (üç yüz on beş) manat məbləğində pul Şərur rayonunun Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 28,64 manat (iyirmi səkkiz manat altmış dörd qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(110)-694/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-694/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver