Məhkəmə qərarları › İş №e-2(110)-695/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-695/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-695/2025 21.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X1 İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC xx.xx.2025-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 780 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 78 manatın, nəticə etibarı ilə ümumilikdə 858 (səkkiz yüz əlli səkkiz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin təsisçisi Nümayəndə Cavabdeh ilə 23 may 2022-ci il tarixində 40 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh ( Alfon 5S ) markalı telefonu 6 aylıq kreditlə 1000 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 220 manat ödənilmiş, lakin hazırda qalan 780 manat borcunu ödməkdən imtina edir. Bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 23 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 4.2-ci maddəsində qeyd olunmuşdur ki, mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda bu məsələlər Naxıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi və digər məhkəmələr tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll ediləcəkdir. Bu müddəadan görünür ki, tərəflər mübahisənin əvvəlcə məhkəmədənkənar qaydada (pretenziya qaydasında) nizama salınmasını razılaşdırmışlar. Bununla əlaqədar olaraq iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25 mart 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı mübahisənin məhkəməyə qədər həlli üçün cavabdehə müraciət etmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 25 mart 2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubunun cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd kimi iş materiallarına əlavə edilmiş poçt qəbzinin (poçt şöbəsi tərəfindən sifarişli göndərişi qəbul edən zaman göndəriciyə təqdim edilən qəbzin) məhkəmə tərəfindən “azerpost.az” rəsmi internet saytının “göndərişlərin izlənməsi xidməti” vasitəsilə yoxlanılması zamanı müəyyən olunmuşdur ki, 25 mart 2025-ci il tarixli pretenziya məktubu cavabdehə yalnız xx.xx.2025ci il tarixdə çatdırılmışdır. Halbuki, iddiaçı iddia ərizəsini 02 iyun 2025-ci il tarixində məhkəməyə təqdim etmişdir. Bu isə onu göstərir ki, iddiaçı məhkəməyə müraciət edərkən cavabdeh onun pretenziya məktubundan xəbərsiz olmuş, beləliklə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.2-ci maddəsinin, yəni “qərardadda həmin Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir” tələbini rəhbər tutan məhkəmə iddiaçının nəzərinə çatdırır ki, tərəflar arsında yaranmış hazırki mübahisənin məhkəmədənkənar həlli ilə bağlı o, cavabdehə təklif göndərməli, buna dair müvafiq imtina aldıqdan və ya Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən olunmuş müddət bitdikdən sonra bunu təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə, məhkəməyə iddia tələbi ilə yenidən müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən onlayn ödəmə sistemi vasitəsilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən onlayn ödəmə sistemi vasitəsilə xx.xx.2025-ci il tarixli, 74387756 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar