Məhkəmə qərarları › İş №e-2(110)-699/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-699/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-699/2022 17.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 4886,1 manat əsas, 283,07 manat faiz olmaqla, cəmi 5169,17 manat kredit borcunun və 71,69 dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20% dərəcəsi ilə 72 ay müddətinə 5269,39 manat məbləğində kredit verildiyini, kreditin təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlandığını, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehlərin müqavilə şərtlərini pozaraq üzərilərinə düşən öhdəliyi yerinə yetirmədiklərini bildirmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatlı olduğunu, iddianı qəbul etdiyini, bankla razılıq əldə edəcəyini bildirmişdir. Cavabdehlər xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək bankdan kredit götürəndə rəsmi iş yeri olduğunu, tikinti sektorunda anbardar işlədiyini, sonra işdən azad olunduğunu, pandemiya ilə bağlı bütün işlərin dayandığını, banka müraciət etdikdən sonra ona yenidən cədvəl açıldığını, düşdüyü çətin vəziyyətlə bağlı ödəniş edə bilmədiyini, himayəsində 3 azyaşlı və xəstə övladı olduğunu, kirayədə qaldığını, rəsmi iş yeri olmadığını, gündəlik iş olanda işlədiyini, əlavə gəlir yeri olmadığını bildirib bank tərəfindən faiz və dəbbə pulunu silməyi, əsas borc üzrə hissə-hissə ödəniş etmək barədə qərar qəbul etməyi və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2021-ci il tarixli, RGTK3394965A114 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 20% dərəcəsi ilə 72 ay müddətinə 5269,39 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, Z-RGTK3394965A114 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli RGTK3394965A114 nömrəli kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 5269,39 manat məbləğində pul vəsaiti təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 135000/3604 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə 4886,1 manat əsas, 283,07 manat faiz olmaqla, cəmi 5169,17 manat kredit borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə cavabdehlər arasında kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin təmin edilməsi məqsədilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, məxaric orderi, maliyyə arayışı, ödəniş cədvəli və.s) sübuta yetirmişdir. Məhkəmə bu qənatə gəlmişdir ki, cavabdehlər müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdehlər məhkəməyə ərizə göndərərək övladının xəstə olduğunu bildirsə də bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh bank tərəfindən faiz və dəbbə pulunu silməyi və əsas borc üzrə hissə-hissə ödəniş etmək barədə qərar qəbul etməyi xahiş etsə də, iş materiallarından görünür ki, iddia tələbində ümumiyyətlə dəbbə pulu tələbi yoxdur, faiz borcu isə cüzi olmaqla müqavilə şərtlərinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin xahişi əsassızdır. Məhkəmə həmçinin izah edir ki, qətnamənin icrası zamanı müvafiq üzürlü hallara dair sübutlar təqdim edilməklə qətnaməninin hissə-hissə icra olunması ilə bağlı məhkəmə qətnamələrinin icrası qaydasında məhkəməyə ərizə ilə müraciət edilə bilər. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 71,69 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Şərur rayon Kürkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və Ağdam rayon Ətyeməzli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 müştərək qaydada 4886,1 manat əsas, 283,07 manat faiz olmaqla, cəmi 5169,17 manat (beş min bir yüz altmış doqquz manat on yeddi qəpik) borc və ödənilmiş 71,69 manat (yetmiş bir manat altmış doqquz qəpik) dövlət rüsumu alınaraq İddiaçı ASCnin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar