Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-701/2025 31.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "Atasığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb:
1. İddiaçı "Atasığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70,00 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “FAW YÜK” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatına alınmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “FAW YÜK” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Binəqədi rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və “Lexus” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ DYPŞ-nin İnzibati xəta haqqında Qərarına əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Beləliklə, hadisə baş verən zaman cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etmək hüququ olmadan idarə etməsi səbəbindən sığorta şirkəti tərəfindən ona qarşı subroqasiya hüququ yaranmışdır.
Tərəflərin izahatları: 3.İddiaçı "Atasığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. xx.xx.2020-ci il tarixli, PAA********** nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, cavabdehin idarə etdiyi “FAW YÜK” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atasığorta” ASC-də xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək müddətdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur.
8. Binəqədi rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, həmin qərar ilə Bağırov X3 Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh nõvü tatbiq edilmişdir.
9. xx.xx.2021-ci il tarixli Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən və xx.xx.2021-ci il tarixli, 21-00111/01/AA-046/2 №-li sığorta aktının surətindən görünür ki, X2 məxsus zədələnmiş “LEXUS RX 300” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6040 manat məbləğində zərər dəymişdir.
10. xx.xx.2021-ci il tarixli, 000399 nömrəli ödəniş tapşırığından görünür ki, "Atasığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən PAA********** nömrəli sığorta ödənişi üzrə 5000 manat sığorta ödənişi ödənilmişdir.
11. 01 aprel 2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı "Atasığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh subroqasiya hüququ əsasında yaranmış sığorta ödənişinin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir.
12. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Atasığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70.00 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
13. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "Atasığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanan Cavabdeh idarə etdiyi “FAW YÜK” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə “LEXUS RX 300,” markalı, **-KV- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə qeyd olunan avtomobilə maddi zərər dəymişdir. Hadisə zamanı cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari məsuliyyət sığortası "Atasığorta” ASC-də qüvvədə olmuşdur. İddiaçı "Atasığorta” ASC tərəfindən zərərlərin qiymətləndirilməsi barədə tərtib edilmiş hesabatlara əsasən “LEXUS RX 300,” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X2- 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Hadisə zamanı Cavabdeh xx.xx.2021-ci il tarixdə “FAW YÜK” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir.
Tətbiq edilən hüquq: 14."İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: -25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; -25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; -25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. -25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; -25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. -25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; -25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; -25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
15. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir.
16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926-cı maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulub-pozulmamasına qiymət verilməlidir.
18. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır.
19. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb hüququ vardır.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuş ki, "Atasığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanan Cavabdeh idarə etdiyi “FAW YÜK” markalı, **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə “LEXUS RX 300,” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə qeyd olunan avtomobilə maddi zərər dəymişdir. Hadisə zamanı cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin icbari avtomobil məsuliyyət sığortası "Atasığorta” ASC-də qüvvədə olmuşdur. İddiaçı "Atasığorta” ASC tərəfindən zərərlərin qiymətləndirilməsi barədə tərtib edilmiş hesabatlara əsasən “LEXUS RX 300,” markalı, **- KV-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X2- 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə “FAW YÜK” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən, sığorta hadisəsi hesab edilən yol nəqliyyat hadisəsi cavabdehin təqsiri üzündən baş vermiş, "Atasığorta” ASC tərəfindən zərərçəkənə ödənilmiş 5000 (beş min) manat sığorta ödənişi əsasında iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri:
22. İddia tələbi təmin olunduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumu 70.00 manat cavabdehdən tutulmalıdır.
Nəticə:
23. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 5000 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "Atasığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "Atasığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul tutularaq iddiaçı "Atasığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "Atasığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Abil Orucəliyev