Məhkəmə qərarları › İş №e-2(110)-715/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-715/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-715/2023 28.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subraqasiya qaydasında pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 1439,91 manat məbləğində vəsaitin, 34,4 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə Məxsus 99JH263 dövlət qeydiyyat nişanlı “İveko Crealis” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə 99JH929 dövlət qeydiyyat nişanlı “İvero Urbanway” markalı avtmobilə zərər vurulmuşdur. TP3669912 saylı inzibati tənbehvermə haqqında qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. 99JH929 dövlət qeydiyyat nişanlı “İvero Urbanway” markalı avtmobilə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən "xxxx" ASC-yə müraciət etmişdir. Avtomobilə dəymiş zərər qiymətləndirilmiş və 1439,91 manat zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər isə məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəmə sənədinin anası qəbul etmiş, həmçinin telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, iddianı qəbul etmədiyini, belə ki, hadisənin 2020-ci ildə baş verdiyini, həmin vaxtı iddiaçı ilə razılığa gəldiklərini, indi onlara borcunun olmadığını bildirib iddianın rədd edilməsini xahiş etmişdir. Lakin məhkəmə iclaslarında iştirak etməmiş, etirazlarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, “İveko Crealis” markalı 99JH263 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP3669912 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol nəqliyyat hadisəi yerindən yayındığına görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 5981 nömrəli zərər aktından görünür ki, zədələnmiş 99JH929 dövlət qeydiyyat nişanlı “İvero Urbanway” markalı avtomobilə dəymiş zərər cəmi 1439,91 manat həcmindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki,“İvero Urbanway” markalı 99JH929 dövlət qeydiyyat nişanlı avtomobilə 1439,91 manat maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 1439,91 manat sığorta ödənişi edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “İveko Crealis” markalı 99JH263 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “İvero Urbanway” markalı 99JH929 dövlət qeydiyyat nişanlı avtmobillə toqquşmuş və sonuncuya zərər dəymişdir. "xxxx" ASC dəymiş ziyanı aradan qaldıraraq “İvero Urbanway” markalı 99JH929 dövlət qeydiyyat nişanlı avtomobilə görə 1439,91 manat məbləğində ödəniş həyata keçirmiş və cavabdehə qarşı subraqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehə telefonoqram göndərilən zaman iddianı qəbul etmədiyini bildirsə də, iddiaya yazılı münasibətini bildirməmişdir. Mülki Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurduğu zərərə görə 1439,91 manat pul alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 34,4 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Cəlilkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh vurduğu zərərə görə 1439,91 manat (bir min dörd yüz otuz doqquz manat doxsan bir qəpik) və iddiaçı tərəfindən ödənilmiş 34,40 manat (otuz dörd manat qırx qəpik) dövlət rüsumu və 0,40 manat (qırx qəpik) bank xidmət xərci alınaraq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar