Məhkəmə qərarları › İş №e-2(110)-739/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-739/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-739/2025 23.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi X1 İddiaçı X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MM QBKT Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 279.34 AZN, faiz borcuna görə 0.30 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 279.64 (iki yüz yetmiş doqquz manat, altmış dörd qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1598 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında" Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1648.99 AZN (bir min altı yüz qırx səkkiz manat, doxsan doqquz qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.42 AZN, dörd il müddətində isə hər ay 35.07 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1598 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin borcalan tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə üşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən 279.34 manat əsas borc və 0.30 manat faiz borcu olmaqla, cəmi 279.64 manat məbləğində borcu yaranmışdır. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********1598 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QBKT MMM arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər kredit müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Belə ki: - kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1648.99 manat qalıq məbləğini ödəmək üçün 1648.99 manat məbləğində güzəştli kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür; - müqavilənin 1.4-cü bəndinə əsasən illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. - müqavilənin 1.5-ci bəndinə əsasən, kredit üzərində 1% illik faiz hesablanacaqdır və nominal faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır; - müqavilənin 1.7-ci bəndinə əsasən Kredit Alan kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "Kreditin qaytarılması cədvəlinə" müvafiq olaraq ödəyir. Ödəniş cədvəlinə əsasən ödənişlər kredit məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit alan kredit məbləğinin bir hissəsini və kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. - müqavilənin 2.1.4-cü bəndinə görə Kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya Kredit Alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kredit verənin kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququ vardır. - müqavilənin 3.2.1, 3.2.3-cü bəndlərinə əsasən kredit alan krediti faizləri ilə birlikdə və Cədvələ uyğun tərzdə qaytarmaq, kreditdən təyinatı üzrə istifadə etmək kimi vəzifələr daşıyır; - müqavilənin 4.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyi və qaydası tərəflər arasında yazılı formada razılaşdırılmış və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş Cədvəli ilə müəyyən edilir. -müqavilənin 5.1-ci bəndinə əsasən Kredit Alan Kreditin ödənilməsi üzrə cari öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və Ödəniş Cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, Kredit Alan Kredit verənin xeyrinə 5 il müddətinə gecikdirilmiş əsas məbləğin 0,1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, Kredit Verən və Kredit Alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. - müqavilənin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona olan digər ödənişləri ödəmədikdə kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. - müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər tərəfindən imzalandığı gündən qüvvəyə minərək kredit alanın krediti, hesablanmış faizləri və digər bu müqavilə üzrə nəzərdə tutulan ödənişləri tam surətdə ödəyib qurtaranadək qüvvədə olacaqdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********1***-******* saylı Zaminlik Müqaviləsindən görünür ki, “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. - zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin xx.xx.2019-cu il tarixli, **********1598 kredit müqaviləsinə əsasən (“kredit müqaviləsi”), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (“kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit Müqaviləsinə əsasən kredit alan 60 ay müddətində 1648.99 AZN məbləğində pul vəsaitini illik 1.00 faiz dərəcəsi kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür; - zaminlik müqavilələrinin 1.2-ci bəndinə əsasən zamin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyini kredit alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi barədə kredit verən tərəfindən göndərilən və ya təqdim edilən xəbərdarlığı aldıqdan 3 (üç) gün sonra icra etməyə borcludur; - zaminlik müqavilələrinin 1.5-ci bəndinə əsasən zamin bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya tam şəkildə yerinə yetirdiyi təqdirdə, kredit verənə öz tələblərini zaminin əmlakına yönəldə bilər; - zaminlik müqavilələrinin 1.6-cı bəndinə əsasən zamin bu müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdikdən sonra, ödədiyi bütöv məbləği öhdəlik kireditoru kimi kredit alandan tələb etmək hüququnu qazanır. Lakin bu hüquq heç bir halda zaminin kredit verən qarşısında olan öhdəliklərinin icrasına təsir etməməlidir; - zaminlik müqavilələrinin 2.1-cı bəndinə əsasən tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm kredit alan, həm zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz; - zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə və nümayəndəlik xərclərinin və kredit alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır; - zaminlik müqavilələrinin 3.1-cı bəndinə əsasən bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaq; - zaminlik müqavilələrinin 3.6-cı bəndinə əsasən bu müqavilə tərəflər arasında zaminlik münasibətlərini tam şəkildə əhatə edir və tərəflərin qarşılıqlı hüquq və vəzifələri yalnız bu müqavilə və qanunvericiliyin müvafiq müddəaları ilə tənzimlənir. Bu müqaviləyə daxil edilməyən hər hansı yazılı və ya şifahi razılaşmanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Bu müqaviləyə əlavə və dəyişiklər yalnız hər iki tərəf tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli **********1598 saylı kredit müqaviləsi üzrə İddiaçı MM QBKT-nə 279.34 manat, faiz borcuna görə 0.30 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 279.64 manat borcu mövcuddur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2024-cü ilədək ödəməli olduğu, ödənişin son tarixinin xx.xx.2024-cü il olduğu aydın olur və qeyd olunan ödəniş cədvəli cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehlərin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdehlər tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 742.1-ci maddələrinə əsasən iddiaçının cavabdehlərə qarşı zaminliklə təmin olunmuş öhdəliyin icra edilməsi (borcun (kreditin) geri qaytarılması) ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında zaminliklə təmin olunmuş kredit (restrukturizasiya) müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı etibarlı kredit (restrukturizasiya) müqaviləsinin tələblərinə əsasən kredit verən kredit alana vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1648.99 manat qalıq məbləğini ödəmək üçün 1648.99 manat məbləğində güzəştli kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüş, lakin sonradan Cavabdeh1 müqavilə üzrə müəyyən məbləğdə ödəniş etmiş, müqavilə üzrə qalan borcunu ödəməmiş, beləliklə də müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Həmçinin həmin tarixdə “Finca Azərbaycan” X2-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında yazılı şəkildə etibarlı zaminlik müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu ödəmək öhdəliyi var və Cavabdeh2 isə həmin öhdəliyə görə zamin kimi borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminlik müqaviləsində zaminlərin subsidiar məsuliyyəti nəzərdə tutulmamış, həmçinin zaminlik onun əsasını təşkil edən borcun qaytarılması və ya Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş əsaslarla xitam olunmamışdır. Bu isə o deməkdir ki, zaminlər yetərincə icra edilməmiş öhdəliyə görə borclu ilə birgə məsuliyyət daşıyırlar. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər (MM 501-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri kredit müqaviləsindən əmələ gələn öhdəliklərdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc (kredit) münasibətləri xx.xx.2019-cu il tarixdə yarandığından, bu münasibətlərə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 742.1-ci maddələrinin əvvəlki redaksiyası tətbiq edilməlidir. Belə ki, həmin maddələr 31 mart“2023-cü“il tarixdən etibarən yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinin əvvəlki redaksiyasına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmçinin Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin məcəllənin 477-ci maddəsində isə qeyd olunmuşdur ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: -477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; -477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; -477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; -477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış zaminliklə təmin olunmuş kredit müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq kredit məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan-Cavabdeh1 və zaminin kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə qeyd olunan şərtlərlə borcverən- İddiaçı MM QBKT -yə ödəmək öhdəlikləri yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün birgə cavabdehdirlər. Beləliklə də, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia təmin edilməli; -xx.xx.2019-cu il tarixli, **********1598 saylı kredit müqaviləsinə əsasən 279.34 manat, faiz borcuna görə 0.30 manat, cəmi 279.64 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MM QBKT-nə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, **********1598 saylı kredit müqaviləsinə əsasən 279.34 manat (iki yüz yetmiş doqquz manat otuz dörd qəpik), faiz borcuna görə 0.3 manat (otuz qəpik), cəmi 279.64 manat (iki yüz yetmiş doqquz manat altmış dörd qəpik) məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MM QBKT-nə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MM QBKT-nə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar