Məhkəmə qərarları › İş №e-2(110)-774/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-774/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-774/2022 08.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tariхli İK2205/06 saylı krеdit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 5111,88 manat əsas, 668,81 manat faiz, 160,76 manat cərimə olmaqla, cəmi 5941,45 manat borcun və 79,41 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tariхli İK2205/06 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 6300 manat məbləğində kredit verilmiş, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etdiyini, işdən çıxdığı üçün borcunu ödəyə bilmədiyini bildirmiş və iddiaya dair etiraf ərizəsini məhkəməyə təqdim etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2020-ci il tariхli İK2205/06 saylı kredit müqaviləsindən görünür ki, Bank cavabdehə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 6300 manat məbləğində kredit verməyi, müştəri isə kredit üzrə borcları, faizləri və digər borcları müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tariхli İK2205/06 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tariхli İK2205/06 saylı kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə 6243 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 397 saylı maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə 5111,88 manat əsas, 668,81 manat faiz, 160,76 manat cərimə olmaqla, cəmi 5941,45 manat borcu yaranmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə cavabdehlər arasında kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin təmin edilməsi məqsədilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, kassa məxaric orderi və.s) sübuta yetirmişdir. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 məhkəmə hazırlıq iclasında iddianı qəbul etdiyini bildirmiş və etiraf ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə verilən yazılı ərizələrdə ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin etirafı qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş 79,41 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 və Şərur rayonu Aşağı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada 5111,88 manat əsas, 668,81 manat faiz, 160,76 manat cərimə olmaqla, cəmi 5941,45 manat (beş min doqquz yüz qırx bir manat qırx beş qəpik) borc və ödənilmiş 79,41 manat (yetmiş doqquz manat qırx bir qəpik) dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar