Məhkəmə qərarları › İş №e-2(110)-833/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-833/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-833/2024 28.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc 2516.51 AZN (iki min beş yüz on altı manat, əlli bir qəpik ) manat, faiz borcu 155.89 AZN (bir yüz əlli beş manat səksən doqquz qəpik) manat, cərimə borcu 43.07 AZN (qırx üç manat yeddi qəpik) manat, cəmi borc 2715.47 AZN (iki min yeddi yüz on beş manat qırx yeddi qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 47.15 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində xx.xx.2023-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 292830 nömrəli Kredit Müqaviləsi bağlandığını, kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 3000 (üç min) manat məbləğində pul ayrıldığını və onun 36 (otuz altı) ay müddətində illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli olduğunu, “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərinin ödənilməsini kreditə ayrılan vaxtdan mütəmadi olaraq gecikdirdiyini, borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, onun öhdəliyi icra etmədiyini və bu günədək borcu ödəmədiyini qeyd edərək Cavabdeh 2516.51 manat əsas borc, 155.89 manat məbləğində faiz borcu, 43.07 manat cərimə borcu, cəmi 2715.47 manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 47.15 manat dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 292830 nömrəli Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “X1 Azərbaycan” QSC-nin Nərimanov Metropark filialı arasında həmin Kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1, 1.2, 1.3-ci bəndinə əsasən, “Borcverən” “Borcalan”a şəxsi istehlak məqsədi 36 ay müddətinə illik 15% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verir. “Borcalan” isə kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə “Borcverənə” qaytarılmasını öhdəsinə götürür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və ya şərtlərini pozduqda gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 292830 nömrəli kredit müqaviləsi üzrə Kreditin qaytarılması qrafikinin (ödəniş cədvəlinin) surətindən görünür ki, “Borcverən” Cavabdeh 36 ay müddətinə illik 15% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmiş və o, aldığı krediti xx.xx.2023 - xx.xx.2026-cı il tarixləri ərzində ayda 104 manat, xx.xx.2026-cı il tarixdə isə 112.21 manat olmaqla, ümumilikdə 3752.21 manat pulu “Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Borcalanın Banka 2516.51 manat əsas borc, 155.89 manat məbləğində faiz borcu, 43.07 manat cərimə borcu, cəmi 2715.47 manat məbləğində kredit borcu mövcuddur İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə “X1 Azərbaycan” QSC tərəfindən ********** nömrəli qəbzlə dövlət büdcəsinə 47.15 (qırx yedi manat on beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 292830 nömrəli kredit müqaviləsinə əsasən, “X1 Azərbaycan” QSC-nin Nərimanov Metropark filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 15% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmiş və o, aldığı krediti krediti xx.xx.2023 - xx.xx.2026-cı il tarixləri ərzində ayda 104 manat, xx.xx.2026-cı il tarixdə isə 112.21 manat olmaqla, ümumilikdə 3752.21 manat pulu “Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı “X1 Azərbaycan” QSC-nə kredit borcu yaranmışdır.Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının tələb etdiyi 47.15 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 292830 nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh 2516.51 (iki min beş yüz on altı manat əlli bir qəpik) manat əsas borc, 155.89 (bir yüz əlli beş manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 43.07 (qırx üç manat yeddi qəpik) manat cərimə, cəmi 2715.47 (iki min yeddi yüz on beş manat qırx yeddi qəpik) manat borc və 40.15 (qırx manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2755.62 (iki min yeddi yuz doxsan əlli beş manat altmış iki qəpik) manat məbləğində pul alınaraq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətininə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, 292830 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh 2516.51 (iki min beş yüz on altı manat əlli bir qəpik) manat əsas borc, 155.89 (bir yüz əlli beş manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 43.07 (qırx üç manat yeddi qəpik) manat cərimə, cəmi 2715.47 (iki min yeddi yüz on beş manat qırx yeddi qəpik) manat borc və 40.15 (qırx manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2755.62 (iki min yeddi yuz doxsan əlli beş manat altmış iki qəpik) manat pul alınaraq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətininə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar