Məhkəmə qərarları › İş №e-2(110)-88/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-88/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-88/2025 06.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cəmi borcu 11299,96 manat – bundan 3513,88 manat əsas, 4457,09 manat faiz, 2848,30 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,69 manat faiz borcu və iş üzrə ödənilmiş 123,90 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ASC-in Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcluya illik 24% dərəcəsi ilə 36 ay müddətinə 6500 ABŞ dolları məbləğində istehlak krediti verildiyini, həmin müqavilə üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 zamin qismində çıxış etdiyi xx.xx.2014-cü il tarixli 290004745/ZM nömrəli zaminlik müqaviləsinin bağlandığını, cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edildiyini, lakin cavabdehlərin müqavilə üzrə üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qismən qəbul etdiyini, iddiaçıya 3513 manat əsas borcunun olduğunu, ödəniş etməyə gedəndə ona indi ödəniş etməməyini, ona xəbərdarlıq edəcəklərini bildirdiklərini, sonradan məhkəmədə iddia qaldırdıqlarını öyrəndiyini, əsas borcunu qəbul etdiyini, lakin cərimə və faiz məbləğinin həddən artıq yüksək olduğunu bildirmişdir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 24% dərəcəsi ilə 36 ay müddətinə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 290004745/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 6500 ABŞ dolları pul vəsaiti təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən, 3513,88 manat əsas borc, 4457,09 manat faiz, 2848,30 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,69 manat faiz borcu, ümumilikdə 11299,96 manat borcu var. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 57 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 3571,25 manat, faiz borcu 4142,62 manat, gecikdirilmiş vaxt üçün hesablanan (5%) faiz borcu xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) 479,64 təşkil edir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC Cavabdeh1 arasında kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas borc 3571,25 manat, faiz borcu 4142,62 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 479,64 manat təşkil edir. Cavabdehlər hər hansı ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdirlər. Beləliklə cavabdehlərin iddiaçıya müqavilə üzrə olan əsas borcu 3571,25 manat, faiz borcu 4142,62 manat, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 479,64 olmaqla, cəmi 8193,51 manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Kredit müqailəsinin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğində cərimə kimi ilik 48% dərəcəsi ilə aylıq isə 4 % dərəcəsi ilə fazi hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə ekspert rəyini əsaslı hesab etdiyindən belə qənatə gəlir ki, kredit müqaviləsi üzrə faiz borcları ekspert rəyində göstərilən məbləğlərdə hesablanmalıdır. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq əsas borca mütənasib olaraq müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehlərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyindən mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 60 (altmış) manat pul vəsaitinin 44 manatı (qırx dörd) cavabdehlərdən qalan 16 manat (on altı) isə İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Yuxarı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada 3513,88 manat əsas, 4142,62 manat faiz borcu, xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 479,64 manat və 175 manat cərimə olmaqla, cəmi 8311,14 manat (səkkiz min üç yüz on bir manat on dörd qəpik) borc və 91,13 manat (doxsan bir manat on üç qəpik) dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qismən təmin edildiyindən mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 60 (altmış) manat pul vəsaitinin 44 manatı (qırx dörd) cavabdehlərdən qalan 16 manat (on altı) isə İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar