Məhkəmə qərarları › İş №e-2(110)-883/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-883/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-883/2024 18.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1475.82 AZN əsas, 176.37 AZN faiz, cəmi 1652.19 AZN məbləğində vəsaitin və ödənilmiş 36.52 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK2894132B232 saylı Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 1692.77 AZN məbləğində kredit verildiyini, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürdüyünü lakin bu öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini və banka olan borcunu tam qaytarmadığını, bankın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini lakin cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, iddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona Dövlət rüsumunun ödənilməsi haqqında məlumat, Ərizəni imzalayan şəxs haqqında məlumat, ünvanladıqları Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestri olduğunu, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə “Kapital Bank“ASC-yə 1475.82 AZN əsas, 176.37 AZN faiz cərimə, ümümillikdə, 1652.19 AZN borcu yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilmədiyini, qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli RGTK2894132B232 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-nin Azadlıq filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1, 1.2, 1.4 və 1.5-ci bənlərdinə əsasən “Kreditor” bu müqavilənin şərtlərinə uyğun olaraq “Borcalana müəyyən müddətə məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə gündəlik tələbat məqsədilə 36 ay müddətinə 1692.77 manat məbləğində kredit verilməsini öhdəsinə götürür, Borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür; Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə Borcalan illik 20% (faktiki illik faiz dərəcəsi 20.75%) ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli RGTK2894132B232 saylı kredit müqaviləsinə Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20% dərəcəsi ilə 1692.77 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2023 – xx.xx.2026 tarixləri ərzində ayda 62.91 manat, xx.xx.2026-cı il tarixində isə 63.85 manat olmaqla, cəmi 2265.70 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bank tərəfindən Cavabdeh imza etdirilməklə 1692.77 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli RGTK2894132B232 saylı kredit müqaviləsi üzrə 1475.82 manat əsas, 176.37 manat faiz, cəmi 1652.19 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 36.52 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" ASC Şərur rayon filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK2894132B232 saylı Kredit müqaviləsinə əsasən “Kreditor” tərəfindən “Borcalan”a 36 ay müddətinə illik 20% dərəcəsi ilə 1692.77 manat məbləğində kredit verilmiş, “Borcalan” isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2023 – xx.xx.2026 tarixləri ərzində ayda 62.91 manat, xx.xx.2026-cı il tarixində isə 63.85 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Kreditor”un bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Kreditor”un “Borcalan”dan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 36.52 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK2894132B232 saylı kredit müqaviləsinə əsasən 1475.82 manat əsas borc, 176.37 manat faiz borcu, cəmi 1652.19 manat borc və 36.52 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1688.71 manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK2894132B232 saylı kredit müqaviləsinə əsasən 1475.82 (bir min dörd yüz yetmiş beş manat səksən iki qəpik) manat əsas borc, 176.37 (bir yüz yetmiş altı manat otuz yeddi qəpik) manat faiz borcu, cəmi 1652.19 (bir min altı yüz əlli iki manat on doqquz qəpik) manat pul məbləğində borc və 36.52 (otuz altı manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1688.71 (bir min altı yüz səksən səkkiz manat yetmiş bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar