Məhkəmə qərarları › İş №e-2(110)-923/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-923/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-923/2023 05.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12 noyabr 2020-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 2215 (iki min iki yüz on beş) manat əsas borcu, 135.50 (bir yüz otuz beş manat 50 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2350.50 (iki min üç yüz əlli manat 50 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 43.50 (qırx üç manat 50 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 25 may 2021-ci il tarixli, ZM2505/14 saylı zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə - müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1 bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozduğunu, dəfələrlə telefon əlaqəsi saxlanıldığını və borcalan və zaminə xəbərdarlıq məktublarının ünvanlandığını, borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb olunduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlarına göndərilsədə, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 12 noyabr 2020-ci il tarixli, İK ******* saylı Kredit müaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana şəxsi istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən öhdəliyin icrasının Borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd, ödəniş terminalları və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır... İş materiallarına əlavə edilmiş 12 noyabr 2020-ci il tarixli Məxaric Orderindən görünür ki, müvafiq xidmət haqqılar tutulduqdan sonra Cavabdeh1 8919 manat kreditin verilməsi təmin edilmişdir İş materiallarına əlavə olunmuş 25 may 2021-ci il tarixli, ZM2505/14 saylı Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Naxçıvanbank” ASC ilə Cavabdeh1 arasında 12 noyabr 2020-ci il tarixli, İK ******* saylı Kredit müaviləsi üzrə “Borcalan”ın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Maliyyə arayışdan məlum olur ki, 12 noyabr 2020-ci il tarixli, İK ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 həmin tarixə Banka 2215 (iki min iki yüz on beş) manat əsas borcu, 135.50 (bir yüz otuz beş manat 50 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2350.50 (iki min üç yüz əlli manat 50 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 43.50 (qırx üç manat 50 qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli, İK ******* saylı nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a dövriyyə vəsaitinin artırılması məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 9000 (doqquz min) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir, “Borcalan” isə aldığı krediti faizləri ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və Zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 12 noyabr 2020-ci il tarixli, İK ******* saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2215 (iki min iki yüz on beş) manat əsas borcu, 135.50 (bir yüz otuz beş manat 50 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2350.50 (iki min üç yüz əlli manat 50 qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 43.50 (qırx üç manat əlli qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. 12 noyabr 2020-ci il tarixli, İK ******* saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2215 (iki min iki yüz on beş) manat əsas borcu, 135.50 (bir yüz otuz beş manat əlli qəpik) manat faiz borc olmaqla, cəmi 2350.50 (iki min üç yüz əlli manat əlli qəpik) manat borc və 43.50 (qırx üç manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2394 (iki min üç yüz doxsan dörd) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar