Məhkəmə qərarları › İş №e-2(110)-928/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-928/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-928/2024 30.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 300 AZN əsas, 48.9 AZN faiz, 25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 373.9 AZN borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğin və dövlət rüsmunun köçürülməsi üçün 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60 % ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açıldığını, X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malik olduğunu, tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırdığını və ssuda hesabı açdığını, borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmədiyini, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 06 avqust 2024, çərşənbə axşamı tarixinə "xxxx" KB ASCyə 300 AZN əsas, 48.9 AZN faiz, 25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 373.9 AZN borcu yarandığını, tərəflər arasında yaranan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “Unibank“ KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixi bank xidmətlərinin təqdim edilməsinə dair X1 5.1ci bəndinə əsasən “Bank” “Borcalan”a mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 (otuz) faiz dərəcəsinədək bir neçə dəfə 10 000 manatadək (on min manat daxil olmaqla) və 60 ayadək kredit limiti ayırması, ona bank hesabı (cari, kredit) açması və ödəniş kartı təqdim etməsi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməsi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürməsi barədə"xxxx" KB ASC tərəfindən təklif irəli sürülmüşdür. Bu oferta Borcalan tərəfindən aksept edildikdən sonra 25 (iyirmi beş) il müddətinə bankla Borcalan arasındakı münasibətləri əhatə edir. Tərəflər bu müddət ərzində bu ofertadan (bundan sonra - Müqavilə) imtina edərlərsə və ya xitam vermək niyyətində olsalar xitam şərtləri də mobil əlavə vasitəsilə analoq imza ilə razılaşdırılmış qaydada tətbiq olunur və müqaviləyə xitam verilmiş hesab edilir. Ödəniş kartı həm kredit həm də debet kartı kimi istifadə oluna bilər. Debet kartına rəsmi internet səhifəsində yerləşdirilmiş tariflərə əsasən xidmət göstərilir. Kredit şərtləri isə saytda və mobil əlavədə yerləşdirilmiş tariflərlə tənzimlənir və müştəriyə mobil əlavə üzərindən təqdim edilir. Həmin müqavilənin 5.2-ci və 5.3-cü bəndlərinə əsasən bu müqavilə üzrə kreditin illik faiz dərəcəsi maksimum 34.02 % təşkil edir və kredit istehlak məqsədilə verilmişdir. Həmin müqavilənin 5.7.15-ci bəndinə əsasən Bank kredit xəttinin limitini birtərəfli qaydada artıra bilər. Bu zaman Borcalan razı olmadığı təqdirdə limitdən istifadə edənədək mobil əlavə vasitəsilə bu limiti azalda bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən, həmçinin razılıq ərizəsindən görünür ki, iş üzrə Cavabdeh tərəfindən iddiaçı tərəfindən edilmiş ofertaya razılıq vermişdir, yəni aksept edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka 300 manat əsas borcu, 48.9 manat məbləğində faiz borcu və 25 manat cərimə olmaqla, cəmi 373.9 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı tərəfindən kreditin verilməsi ilə bağlı göndərilmiş oferta şərtlərinə uyğun qaydada cavabdeh tərəfindən verilmiş razılıq əsasında onlar arasında kredit limitinin ayrılmasına dair müqavilə bağlanmışdır. Borcalan Bank tərəfindən ona verilmiş kartdan istifadə edərək müxtəlif vaxtlarda müxtəlif ödənişlər etsədə, kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və kredit müqaviləsi şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında maliyyə arayışında qeyd məbləğlərdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddiaçı cavabdehdən 48.9 manat məbləğində faiz borcu tələb etsədə, hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixli bildiriş göndərərək onun müqaviləyə əsasən Banka 300 manat əsas borcu, 34.5 manat kreditdən istifadəyə görə faiz borcu və 39.4 manat cərimə borcu olmaqla, cəmi 373.9 manat borcu olduğunu, Banka olan bütün borc məbləğinin tam olaraq 3 gün müddətində ödəməklə aramızda bağlanmış kreddit müqaviləsini 3 gün müddətində ləğv etməyi təklif etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ xx.xx.2023-cü il tarixli Qərarında kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, cavabdehin müqavilə ləğv edilinədək Banka olan faiz borcu 34.5 manat məbləğində olsa da, Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 48.9 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb edə biləcəyi faiz borcunun məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək mövcud olan həddə, yəni 34.5 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbi üzrə cərimə borcu ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçının tələb etdiyi 30 manat dövlət rüsumunun 1.16 manatı iddiaçıya aid edilməli, 28.84 manatı dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan“yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 300 (üç yüz) manat əsas borc, 34.5 (otuz dörd manat əlli qəpik) manat məbləğində faiz, 25.0 (iyirmi beş) manat cərimə, cəmi 359.5 (üç yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində borc, 30 manat dövlət rüsumunun 28.84 manatı və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 388.74 (üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixi bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi oferta müqaviləsinə əsasən Cavabdeh 300 (üç yüz) manat əsas borc, 34.5 (otuz dörd manat əlli qəpik) manat məbləğində faiz, 25.0 (iyirmi beş) manat cərimə, cəmi 359.5 (üç yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində borc, 30 manat dövlət rüsumunun 28.84 manatı və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 388.74 (üç yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat pul alınaraq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar