Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-934/2025 08.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1459 (min dörd yüz əlli doqquz) manat borcun, dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat pulun, vəkil qonararı üçün ödənilmiş 300 (üç yüz) manat pulun, ümumilikdə 1794 (min yeddi yüz doxsan dörd) manat pulun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “vəkili və nümayəndəsi olduğum İddiaçı topdan və pərakəndə tikinti materillarının və elektronika avadanlıqlarının alğı-satqısı ilə məşğul olur. Uzun müddətdir ki, Muxtar Respublikada həm vətəndaşlarla, həm də sahibkarlarla qarşılıqlı olaraq fəaliyyət göstərir. Hazırki iş üzrə cavabdeh də nümayəndəsi olduğum təşkilatdan pərakəndə olaraq müxtəlif adlarda məhsullar almışdır. Nümayəndəsi olduğum şirkət həmçinin müxtəlif tikinti mallarının pərkanədə alğı-satqısı ilə məşğul olur. Hazırki iş üzrə cavabdeh də MMC-dən xx.xx.2022-ci il tarixdə dəyəri 1677 (min altı yüz yetmiş yeddi) manat dəyərində istehlak məqsədilə HP 15- D,CORE 15 markalı kompyuter almış, 218 (iki yüz on səkkiz) həmin borcdan pul ödəmişdir. Bununla bağlı tərəflərin arasında borcu təsdiqləyəcək müqavilə də imzalanmışdır. Bununla bağlı cavabdehə şifahi və sonuncu dəfə pretenziya qaydasında (xəbərnamə əlavə olunur) yazılı müraciət edilsə də, bunun bir nəticəsi olmamışdır. Hal-hazırda cavabdehin 1459 (min dörd yüz əlli doqquz) manat borcu qalmaqdadır. Cavabdeh borcu ödəmədiyindən məcbur qalaraq məhkəməyə müraciət olunur. Həmçinin iddiaçı dövlət rüsumu üçün ödənilmiş olan 35 (otuz beş) manat pulun və vəkil xərci (vəkil qonorarı) üçün ödənilmiş 300 (üç yüz) manat pulun da məhkəmə qaydasında iddia təmin olunduğu təqdirdə ona qaytarılmasını istəyir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə prossesi zamanı Mülki prossesual qanunvericiliyin tələbinə uygün olaraq rəsmi qaydada məlumatlandırılan iş üzrə Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM 185.5-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cahan AVM MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AVM.ELK.00585 saylı kredit şərtləri ilə alqı-satqı haqqında müqavilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmış və tərəflər üzərinə müqavilə şərtinə uyğun öhdəliklər götürmüşlər. Müqaviləyə əlavə olan “kreditin qaytarılması cədvəlindən” görsənir ki, cavabdeh on iki ay müddətinə hər ay 125.75 manat ödəniş etməsi şərti ilə razılaşmışdır. Ödəniş qəbzindən görsənirki cavabdeh 168 manat ilkin ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 35 (otuz beş) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmiş və bununla bağlı İddiaçı MMC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-ci 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Qeyd edilən Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Sözügedən Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın hüquqi yardıma görə 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin vəkil qonararı üçün 300 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə baxılan mülki işin mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını nəzərə alaraq hesab edir ki, həmin hissədə tələb rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsinə dair EM-06/66VK-42486/25 saylı müqavilədə konkret hansı iş üzrə yardımın göstərilməsi aydın göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 217.5-cü maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli AVM.ELK.00585 saylı müqavilə üzrə 1459 (min dörd yüz əlli doqquz) manat borc və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-934/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-934/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver