Məhkəmə qərarları › İş №e-2(110)-945/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-945/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-945/2023 17.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 19 mart 2021-ci il tarixli SHNPU-07979 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1406.16 (bir min dörd yüz altı manat 16 qəpik) manat, faiz borcuna görə 82.62 (səksən iki manat 62 qəpik) manat, dəbbə borcuna görə 283.36 (iki yüz səksən üç manat 36 qəpik) manat, cəmi 1772.14 (bir min yeddi yüz yetmiş iki manat 14 qəpik) manat məbləğində pulun və 37.73 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2021-ci il tarixli SHNPU-07979 saylı kredit müqaviləsinə əsasən illik 17 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 3600 (üç min altı yüz) manat məbləğində cavabdehə kredit verildiyini, (kredit müqaviləsinin 2.1; 2.3; 2.4 bəndləri). 19 mart 2021-ci il tarixli SHNPU-07979 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19 mart 2021-ci il tarixli SHNPU-07979 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Sahil filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “borc verən” bu müqavilənin şərtləri daxilində borc alana istehlak məqsədilə 3600 (üç min altı yüz 00 qəpik) AZN məbləğdə kredit verməyi Borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür; Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. Borcalana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 3600 (üç min altı yüz manat 00 qəpik) AZNdən çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 17 faiz hesablanır. Həmin Müqavilənin 2.14.2-ci bəndinə əsasən müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) miqdarında cərimə hesblanır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh imza etdirilməklə Bankdan 3600 (üç min altı yüz 00 qəpik) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, 31 iyul 2023-cü il tarixə Cavabdeh Banka 1406.16 (bir min dörd yüz altı manat 16 qəpik) manat əsas borc, 82.62 (səksən iki manat 62 qəpik) manat məbləğində faiz borcu, 283.36 (iki yüz səksən üç manat 36 qəpik) dəbbə borcu olmaqla, cəmi 1772.14 (bir min yeddi yüz yetmiş iki manat 14 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü “Rabitəbank” ASC Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2021-ci il tarixli SHNPU-07979 saylı Kredit müqaviləsinə əsasən Borc verən tərəfindən Borc alana 36 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 3600 manat məbləğində kredit verilmişdir. 19 mart 2021-ci il tarixli SHNPU-07979 saylı Kredit müqaviləsinə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borc alana kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Borc verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Borc verənin Borc alandan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdeh Borc alan Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə Borc verən qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin müqavilə üzrə hesablanmış 283.36 (iki yüz səksən üç manat 36 qəpik) manat dəbbə pulunun tutulması hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, məhkəmə Müqavilə üzrə hesablanmış 283.36 (iki yüz səksən üç manat 36 qəpik) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 29 (iyirmi doqquz) manat həcmində müəyyənləşdirilməsini kreditorun əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddia qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 1406.16 (bir min dörd yüz altı manat on altı qəpik) manat, faiz borc üzrə 82.62 (səksən iki manat altmış iki qəpik) manat, dəbbə pulu olaraq 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 1517.78 (bir min beş yüz on yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi borc tələbi üzrə digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 37.73 manat dövlət rüsumunun 5.73 manatı iddiaçıya aid edilməli, 32 manatı isə Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 19 mart 2021-ci il tarixli SHNPU-07979 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 1406.16 (bir min dörd yüz altı manat on altı qəpik) manat, faiz borc üzrə 82.62 (səksən iki manat altmış iki qəpik) manat, dəbbə pulu olaraq 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 1517.78 (bir min beş yüz on yeddi manat yetmiş səkkiz qəpik) manat borc və 37.73 (otuz yeddi manat yetmiş üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun 32 manatı olmaqla, ümumilikdə 1549.78 (bir min beş yüz qırx doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar