Məhkəmə qərarları › İş №e-2(110)-951/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-951/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-951/2023 21.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və girov predmetinin açıq hərracdan satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022ci il tarixli SHLMB-09283 saylı kredit müqaviləsi üzrə 1110,73 manat məbləğində əsas borcun, 70,07 manat məbləğində faiz borcunun, 176,01 manat məbləğində cərimə borcunun, cəmi 1356,81 manat borcun və 33,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, borcun Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 1356,81 manat borcun və 33,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait həmin borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə 2420 manat məbləğində kredit verildiyini, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, müqavilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus qızıl-zinət əşyalarının (sep-1 ədəd, çəkisi-13,4 qr, əyarı - 750; qolbaq-2 ədəd, çəkisi-8 qr, əyarı – 500; üzük-1 ədəd, çəkisi-1,1 qr, əyarı – 500; qarnitur-1 ədəd, çəkisi-28 qr, əyarı – 585, cəmi 50,5 qr) banka girov qoyulduğunu bildirmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə göndərərək məhkəmə gedişatı zamanı borclunun ödəniş etdiyini, eyni zamanda faiz və cərimə borcunun artdığını, xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli SHLMB-09283 saylı kredit müqaviləsi üzrə 580,73 manat məbləğində əsas borcun, 108,4 manat məbləğində faiz borcunun, 329,97 manat məbləğində cərimə borcunun, cəmi 1019,1 manat borcu olduğunu borcun Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 1019,1 manat borcun və 33,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait həmin borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etdiyini, borcundan 300 manat ödədiyini, qalan borcunu da tezliklə ödəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2022-ci il tarixli SHLMB-09283 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə 2420 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli SHLMB-09283 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli SHLMB-09283 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi dəyəri 4474,60 manat olan qızılzinət əşyalarını girov qoymuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə dair aktdan görünür ki, Cavabdeh girov qoyduğu əşyaların (sep-1 ədəd, çəkisi-13,4 qr, əyarı - 750; qolbaq-2 ədəd, çəkisi-8 qr, əyarı – 500; üzük-1 ədəd, çəkisi-1,1 qr, əyarı – 500; qarnitur-1 ədəd, çəkisi-28 qr, əyarı – 585, cəmi 50,5 qr olmaqla) bazar dəyəri 4474,60 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 580,73 manat əsas, 108,4 manat faiz, 329,97 manat cərimə olmaqla, cəmi 1019,1 manat borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi və müqavilə üzrə öhdəliyin təminatı kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı və.s) sübuta yetirmişdir. Cavabdehə telefonoqram göndərən zaman iddianı qəbul etdiyini, borcundan 300 manat ödədiyini, qalan borcunu da tezliklə ödəcəyini bildirmişdir. Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun tam ödənildiyini təsdiq edən sübutları (ödəniş qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əsas və faiz borcuna münasibətdə tələbi əsaslıdır. Məhkəmə dəbbə pulu (cərimə) borcu ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 580,73 manat əsas borca münasibətdə 329,97 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 580,73 manat əsas borca mütanasib olaraq 58 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tələbin girov predmetinə yönəldilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Buna görə də məhkəmə tutmanın girov predmetinə yönədilməsini əsaslı hesab etmişdir. Məhkəmə həmçinin iddiaçıya izah edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci və Mülki Məcəllənin 298-ci maddələrinə müvafiq olaraq girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun borcludan hansı qaydada tutulması qanunla müəyyən olunduğundan, məhkəmə iddia tələbinə həmin hissədə münasibət bildirmir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 24 (iyirmi dörd) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 580,73 manat əsas, 108,4 manat faiz, 58 manat cərimə olmaqla, cəmi 747,13 manat (yeddi yüz qırx yeddi manat on üç qəpik) borc və 24 (iyirmi dörd) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin hesabına köçürülsün. Tutma Cavabdeh məxsus girov predmeti olan qızıl-zinət əşyalarına (sep-1 ədəd, çəkisi-13,4 qr, əyarı - 750; qolbaq-2 ədəd, çəkisi-8 qr, əyarı – 500; üzük-1 ədəd, çəkisi-1,1 qr, əyarı – 500; qarnitur-1 ədəd, çəkisi-28 qr, əyarı – 585, cəmi 50,5 qr) yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar