Məhkəmə qərarları › İş №e-2(110)-978/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-978/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-978/2024 14.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçıASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit müqaviləsinə əsasən 1498,87 manat əsas, 319,04 manat faiz, cəmi 1817,91 manat vəsaitin və 38,18 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BRCB6235836B299 saylı kredit müqaviləsinə əsasən cavabdehin kartına illik 32 % dərəcəsi ilə 1500 manat kredit vəsaiti mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli BRCB6235836B299 nömrəli kredit müqaviləsindən görünür ki, Bank müştəriyə illik 32% dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti ayırır, ona hesab açaraq kart təqdim edir, müştəri isə kredit üzrə borcları, faizləri və digər borcları müəyyən edilmiş qaydada geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 1500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2024/104/25292 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı ASC-yə 1498,87 manat əsas, 319,04 manat faiz, cəmi 1817,91 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün onun iddiaçıya kredit müqaviləsi üzrə cəmi 1817,91 manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 743.1ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən “müvafiq qaydada imzalanma“ tərəflərin müqaviləni şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayon Qaraburc kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1498,87 manat əsas, 319,04 manat faiz, cəmi 1817,91 manat (bir min səkkiz yüz on yeddi manat doxsan bir qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 38,18 manat (otuz səkkiz manat on səkkiz qəpik) məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar