Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-104/2023 16.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10000 (on min) manat əsas borcun, mənəvi zərər olaraq 3000 (üç min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 11 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh 10000 (on min) manat məbləğində borc vermişəm. “Borc alan” 11 noyabr 2022-ci il tarixədək həmin məbləğdə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş müddəti çatdıqdan sonra öhdəliyin icrası barədə cavabdehə şifahi şəkildə bildirdim, eləcə də bu barədə yazılı bildiriş göndərdim. Cavabdeh nəinki öhdəliyi icra etmişdir, mənim özbaşınalıq etməyim barədə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək haqqımda real gerçəkliyə uyğun olmayan izahat vermiş, sağlamlığım buna imkan vermədiyi halda dəfələrlə qeyd olunan Polis Bölməsinə getməyimə və səhhətimin pisləşməsinə səbəb olmuşdur. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə teleqram göndərərək mülki iş üzrə məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, İddiaçı nümayəndəsi və vəkili Vəkil isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 11 may 2022-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 10000 manat məbləğində borc verilmişdir. 11 may 2022-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən borc verən borc alana 10000 manat məbləğində pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC-nin Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir. 11 may 2022-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc alana qaytarmağı öhdəsinə götürür. 11 may 2022-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 12 yanvar 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə İddiaçı olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı tərəfindən 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə əsas borcun tutulması tələbinə dair hissədə hesab edir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı Cavabdeh borcun ödənilməmiş hissəsinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 11 may 2022-ci il tarixdə Cavabdeh 10000 manat məbləğində borc pul vermişdir. Aralarında bağlanmış kredit müqaviləsi Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən notariusun Reyestrində 3M-874 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Müqaviləyə əsasən cavabdeh qeyd olunan borcu 11 noyabr 2022-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi pozmuş, borcunu qaytarmamışdır. Mehdiyev X1 Bahadur Əhməd oğluna 12 yanvar 2023-cü il tarixli pretenziya məktubu göndərərək 10000 manat məbləğində verdiyi borc məbləğinin ödənilməsi tələb etmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyi barədə cavabdeh şəxsi xəbərdar etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 10000 manat məbləgində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçı 3000 manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən məbləğləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 11 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 10000 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 100 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 11 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 10000 manat və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 10100 (on min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-104/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-104/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver