Məhkəmə qərarları › İş №e-2(111)-114/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-114/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-114/2022 08.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 7683.68 manat əsas, 1538.57 manat faiz və 117.57 manat cərimə olmaqla, cəmi 9339.82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 113.80 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 864sNAR/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35%-dək olmaq şərti ilə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd edilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədi təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödənilməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazimi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə 07.06.2022-ci il tarixdə məhkəməyə izahat təqdim edərək, Cavabdeh tərəfindən 12.02.2021-ci il tarixdə 8000 manat məbləğində vəsaitin nağdlaşdırıldığını, cavabdehin 10.03.2021-ci il və 12.04.2021-ci il tarixlərdə hər dəfəsində 310 manat olmaqla ümumilikdə 620 manat ödəniş etdiyini, həmin ödənişin 316.32 manatının əsas borcdan (8000-316.32=7683.68), 303.68 manatının isə faiz borcundan silindiyini göstərərək iddianın təmin olunmasını xahiş etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 864sNAR/21 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana 120 ay müddətinə, illik faiz dərəcəsi 35% -dək olmaq şərti ilə 20000 manatadək məbləğdə krediti, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutulmaqla borcalana verə bilər. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 864sNAR/21 nömrəli kredit müqaviləsinin: 8.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 8.2-ci bəndlərinə əsasən borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya borcalan tərəfindən bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən borcalan özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda bank kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı kreditin ümumi məbləğinin 1%-i miqdarında cərimə tətbiq edə bilər. 12.02.2021-ci il tarixli balansdan kənar məxaric orderinin surətindən görünür ki, 1 ədəd plastik kart məxfi kodla birlikdə bağlı zərfdə cavabdeh Cavabdeh imza edilərək verilmişdir. 28.02.2022-ci il tarixli, UB-BANK/PİKMD/1016874 nömrəli maliyyə arayışına əsasən Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 864sNAR/21 nömrəli müqavilə üzrə Cavabdeh banka 7683.68 manat əsas, 1538.57 manat faiz, 117.57 manat cərimə olmaqla ümumilikdə 9339.82 manat borcu vardır. 16 sentyabr 2021-ci il tarixli, UB-BANK/PİKMD nömrəli bildirişdən görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 20.04.2022-ci il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" KB ASC tərəfindən 113.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh 12 fevral 2021-ci il tarixli, 864sNAR/21 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" KB ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq iddiaçı "xxxx" KB ASCnin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçının cavabdehdən 117.57 manat cərimə tələbinə münasibət bildirərək hesab edir ki, cərimənin hesablanıb tutulması müqavilədə nəzərdə tutulsa da, iddiaçı cərimənin yaranmasını, hesablanma qaydasını əsaslandırmamış və bunlara dair məhkəməyə sübut təqdim etməmişdir. Bu hal, iş materiallarında olan 12 fevral 2021-ci il tarixli, 864sNAR/21 nömrəli kredit müqaviləsi üzrə 20.04.2022-ci il tarixli hesabdan çıxarış məlumatları ilə də təsdiqlənir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 117.57 manat cərimə tələbinə dair hissəsi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcu məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcuna aid hissədə təmin edilməli, Cavabdeh 12 fevral 2021-ci il tarixli, 864sNAR/21 nömrəli kredit müqaviləsi üzrə 7683.68 manat əsas və 1538.57 manat faiz olmaqla, cəmi 9222.25 manat məbləğində borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, cərimə borcuna aid hissədə isə rədd edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 112.37 manat məbləğində dövlət rüsumu da Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12 fevral 2021-ci il tarixli, 864sNAR/21 nömrəli kredit müqaviləsindən yaranmış 7683.68 manat əsas və 1538.57 manat faiz borcu olmaqla ümumilikdə 9222.25 manat borc və 112.37 manat məbləğində dövlət rüsumu, cəmi 9334.62 (doqquz min üç yüz otuz dörd manat, 62 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar