Məhkəmə qərarları › İş №e-2(111)-118/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-118/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-118/2024 26.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2243.44 manat məbləğində əsas kredit borcu, 101.51 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 43.72 manat cərimə borcu olmaqla cəmi 2388.67 manat və 43.89 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixədək illik 15.5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5000.00 AZN məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmanın şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə 2243.44 AZN əsas kredit borcu, 101.51 AZN kreditdən istifadəyə görə faiz borcu və 43.72 AZN cərimə borcu olmaqla,cəmi 2388.67 AZN borclu qalmaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli 45300***-*******01 nömrəli kredit verilməsinə dair razılaşmanın 1-ci bəndinə əsasən kreditverən 5000 (beş min) manat məbləğdə və illik faiz dərəcəsi 15.5 olmaqla xx.xx.2024 tarixədək 0 ay güzəşt müddəti olmaqla digər bankdakı kreditin bağlanması məqsədli kredit verir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli 45300***-*******01 nömrəli kredit verilməsinə dair razılaşmanın 12-ci bəndinə əsasən borcalan razılaşma üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri razılaşmada müəyyən edilmiş müddətdə icra etmədikdə kreditverənin razılaşmanı vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. xx.xx.2022-ci il tarixli 45300***-*******01 nömrəli kredit verilməsinə dair razılaşmanın 6-cı bəndinə əsasən borcalan razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına bank tərəfindən 5000 manat köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 45300***-*******01 nömrəli kredit verilməsinə dair razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 243.65 manat, son ödəmə tarixi olan xx.xx.2024-cü ildə isə 243.79 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 45300***-*******01 nömrəli kredit verilməsinə dair razılaşması üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 2243.44 manat əsas, 101.51 manat faiz, 43.72 manat cərimə borcu olmaqla cəmi 2388.67 manat borcu vardır. xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 43.89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olundu ki borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 45300***-*******01 nömrəli kredit verilməsinə dair razılaşması ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-nə ödənilməli olan əsas borc, əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən xx.xx.2024-cü il tarixədək cəmi 3498 manat ödəniş etmişvə nəticədə həmin tarixə 2243.44 manat əsas, 101.51 manat faiz və 43.72 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə İddiaçı ASC-nin müqavilə üzrə cavabdehdən əsas borcun, kreditdən istifadəyə görə faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını və hesabdan çıxarışı əsas götürərək təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 45300***-*******01 nömrəli kredit verilməsinə dair razılaşma üzrə xx.xx.2024-cü il tarixə yaranmış 2243.44 manat əsas, 101.51 manat faiz və 43.72 manat cərimə borcu olmaqla cəmi 2388.67 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43.89 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 45300***-*******01 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən 2243.44 manat əsas, 101.51 manat faiz və 43.72 manat cərimə borcu olmaqla cəmi 2388.67 manat və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43.89 manat dövlət rüsumu olmaqla ümumilikdə 2432.56 (iki min dörd yüz otuz iki manat, əlli altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar