Məhkəmə qərarları › İş №e-2(111)-119/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-119/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-119/2023 04.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 05 dekabr 2019-cu il tarixli İK0512/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 101.68 manat faiz borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Culfa rayon filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli, İK0512/01 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 05 dekabr 2019-cu il tarixli, İK0512/01 Zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı iddia qaldırmışdır. Kəngərli Rayon Məhkəməsinin qərarına əsasən borclular Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixə olan 341.75 manat gecikdirilmiş faiz borcu, 1294.09 manat gecikdirilmiş əsas borc, 16.68 manat faiz borcu, 2951.38 manat əsas borc olmaqla, ümumilikdə 4603.90 manat kredit borcunun tutulması tələb olunmuş və Kəngərli Rayon Məhkəməsinin e-2(111)-115/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Borclular Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəmə qətnaməsində göstərilmiş iddia tələbi tam icra olunmuşdur. Buna baxmayaraq bank kredit sistemi üzrə faizlərin hesablanması dayanmadığından borclulardan faiz üzrə xx.xx.2023cü il tarixə olan 101.68 manat borcun tutulması zərurəti yaranmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə tərəfimizdən Borcalanla, Zaminlə dəfələrlə telefonla əlaqə saxlanılaraq şifahi, qeydiyyat ünvanlarına xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh1 tərəflər arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli, İK0512/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 101.68 manat məbləğində faiz borcu öhdəliyi var. İş sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, Kəngərli Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli e-2(111)-119/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə araşdırma zərurəti yarandığından baxılması üçün iddia icraatına keçirilmişdir. İş üzrə məhkəmənin 04 may 2023-cü il tarixə təyin edilmiş hazırlıq iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilmiş, iş üzrə iddiaçı "xxxx" ASCnin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəmə hazırlıq iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iş üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı "xxxx" ASC Kəngərli rayon məhkəməsinə müraciət edərək cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 05 dekabr 2019cu il tarixli, İK0512/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə olan 341.75 (üç yüz qırx bir manat 75 qəpik) manat gecikdirilmiş faiz borcu, 1294.09 (bir min iki yüz doxsan dörd manat 09 qəpik) manat gecikdirilmiş əsas borc, 16.68 (on alt manat 68 qəpik) manat faiz borcu, 2951.38 (iki min doqquz yüz əlli bir manat 38 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4603.90 (dörd min altı yüz üç manat 90 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "Naxçıvanbank” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli e-2(111)- 115/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05 dekabr 2019-cu il tarixli, İK0512/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixə olan 341.75 (üç yüz qırx bir, yetmiş beş) manat gecikdirilmiş faiz, 1294.09 (bir min iki yüz doxsan dörd, sıfır doqquz) manat gecikdirilmiş əsas, 16.68 (on altı, altmış səkkiz) manat faiz və 2951.38 (iki min doqquz yüz əlli bir, otuz səkkiz) manat əsas borc olmaqla ümumilikdə 4603.90 (dörd min altı yüz üç, doxsan) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə həmin qətnamədə iddiaçı tərəfindən iş üzrə cavabdehlərdən müqavilə üzrə pul öhdəliklərinin vaxtından əvvəl ödənilməsini tələb etdiyindən tərəflər arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli, İK0512/01 nömrəli kredit müqaviləsindən yaranmış bütün öhdəliklərə (kredit müqaviləsinin bitmə tarixinədək əsas və faiz borcu nəzərə alınmaqla) hüquqi qiymət vermiş və öhdəliklə əlaqədar əsas və faiz borcunun cavabdehlərdən tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və iddia ərizəsində qeyd edildiyi kimi məhkəmə qətnaməsində göstərilmiş iddia tələbi tam icra olunmuşdur. Bütün bunlara baxmayaraq iddiaçı tələbini əsaslandırmadan və tələblə bağlı məhkəməyə heç bir sübut təqdim etmədən yenidən 05 dekabr 2019-cu il tarixli İK0512/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 101.68 manat məbləğində faiz borcunun ödənilməsini cavabdehlərdən tələb edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verildiyinə görə iddiaçı "xxxx" ASC-nin 11 fevral 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 05 dekabr 2019-cu il tarixli İK0512/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 101.68 manat faiz borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iş üzrə icraata xitam verilsin. "xxxx" ASC-nin 11 fevral 2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödədiyi 30 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar