Məhkəmə qərarları › İş №e-2(111)-121/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-121/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-121/2025 16.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra BOKT "xxxx" QSC) Cavabdeh qarşı kredit borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh əsas borc 399.28 AZN, cərimə borcu 59.89 AZN, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 489.57 AZN borcun BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 ay müddətinə qaytarılmaq şərti ilə 920,00 AZN (doqquz yüz iyirmi manat 00 qəpik) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 026-EMB-0683-23 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Halhazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə əsas borcu 399.28 AZN (üç yüz doxsan doqquz manat 28 qəpik), faiz borcu 0.00 AZN (0 manat 00 qəpik), cərimə borcu 59.89 AZN (əlli doqquz manat 89 qəpik) olmaqla ümumi borcu 459.17 AZN (dörd yüz əlli doqquz manat 17 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan:xx.xx.2023-cü il tarixli 026-EMB-0683-23 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər)i almaq məqsədi ilə 920,00 AZN məbləğində istehlak krediti istifadə haqqı illik 0% hesablanmaqla 20 ay müddətinə verilmişdir. xx.xx.2023-cü il tarixli 026-EMB-0683-23 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024cü il tarixədək hər ay 51 manat, son ödəmə tarixi olan xx.xx.2024-cü ildə isə 53 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 026-EMB-0683-23 saylı kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə düşən öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 0,5% məbləğində cərimə ödəyir. xx.xx.2023-cü il tarixli 026-EMB-0683-23 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixədək əsas borc və cərimə borcu üzrə cəmi 568,71 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli N MA-0040894-25 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə BOKT "xxxx" QSC-yə olan əsas borcu 399,28 manat, faiz borcu 0,00 manat, cərimə borcu 59,89 manat, ümumi borcu 459,17 manat təşkil edir. xx.xx.2024-cü il tarixli son xəbərdarlıqdan görünür ki, Cavabdeh BOKT "xxxx" QSCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, BOKT "xxxx" QSC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli 026-EMB-0683-23 saylı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, BOKT "xxxx" QSC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı BOKT "xxxx" QSC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsini və cəriməni tələb etmək hüququ yaranmışdır. Çünki, cavabdehin xx.xx.2025-ci il tarixə BOKT "xxxx" QSC-yə 399,28 manat əsas və 59,89 manat cərimə borcu olmaqla ümumilikdə 459,17 manat məbləğində kredit borcu vardır. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. İddiaçı cavabdehdən 399,28 manat əsas borcuna münasibətdə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 59,89 manat cərimə tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 59,89 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləği azaldırılaraq 20 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas borc və cərimə borcu məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və hesabdan çıxarışı əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 026-EMB-0683-23 saylı kredit müqaviləsinə əsasən 399,28 manat əsas və 20 manat cərimə borcu olmaqla ümumilikdə 419,28 manat məbləğində borc tutularaq BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,39 manatlıq hissəsi və 0,40 manat xidmət haqqı da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 026-EMB-0683-23 saylı kredit müqaviləsi üzrə 399,28 manat əsas, 20 manat cərimə borcu, cəmi 419,28 manat borc, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb edilən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 27,39 manatlıq hissəsi və 0,40 manat məbləğində xidmət haqqı olmaqla ümumilikdə 447,07 (dörd yüz qırx yeddi manat, yeddi qəpik) manat pul vəsaiti BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar