Məhkəmə qərarları › İş №e-2(111)-123/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-123/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-123/2023 31.05.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsədli Cavid Yadulla oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər- Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 27 aprel 2021-ci il tarixli İK1003734 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7406.06 manat əsas borc, 546.85 manat faiz borcu olmaqla ümumilikdə 7952.91 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 99.53 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Naxçıvanbank” ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh3 tərəflər arasında bağlanmış 27 aprel 2021-ci il tarixli, İK1003734 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 27 aprel 2021-ci il tarixli, İK1003734/22701 saylı, Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 27 aprel 2021-ci il tarixli, 1003734/22700 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və borcalan və zaminlərə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh3 tərəflər arasında bağlanmış 27 aprel 2021-ci il tarixli İK1003734 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7406.06 manat əsas borc, 546.85 manat faiz borcu olmaqla ümumilikdə 7952.91 manat kredit borcu öhdəliyi var. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. İş üzrə Cavabdeh2 məhkəməyə elektron qaydada məlumat göndərərək iş üzrə məhkəmədə cavabdeh kimi qeyd olunduğunu, kredit götürənin zamini olduğunu, halhazırda Bakı şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh1 gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, Cavabdeh2 və bankın nümayəndəsinin məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişlərini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən bankın nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh3 izahatında iddia tələbinə heç bir etirazının olmadığını, krediti özünün götürdüyünü, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona zamin durduqlarını, Naxçıvan Şəhər 3 saylı Mənzil İstismar idarəsində baş mühasib işlədiyini, kredit götürdüyü vaxt 2 vəzifə maaşı qədər əmək haqqı aldığını, sonradan bir vəzifə maaşına keçdiyindən krediti ödəyə bilmədiyini bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdilər. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 27 aprel 2021-ci il tarixli İK1003734 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 17% hesablanmaqla, 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. 27 aprel 2021-ci il tarixli 1003734/22701 nömrəli və 27 aprel 2021-ci il tarixli 1003734/22700 nömrəli zaminlik müqavilələrindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 27 aprel 2021-ci il tarixli İK1003734 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh1 və Cavabdeh2 ilə "xxxx" ASC arasında zaminlik müqavilələri bağlanmış, zaminlər borcalan Cavabdeh3 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. 28 aprel 2021-ci il tarixli 0030 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, bank tərəfindən xidmət haqqı çıxılmaqla Cavabdeh3 11892 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 27 aprel 2021-ci il tarixli İK1003734 nömrəli kredit müqaviləsinin 5.2-ci bəndinin “a” yarımbəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 27 aprel 2021-ci il tarixli İK1003734 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 427.83 manat, son ödəmə tarixi olan xx.xx.2024-cü ildə isə 427.97 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 156 nömrəli maliyyə arayışına əsasən Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış 27 aprel 2021-ci il tarixli İK1003734 nömrəli müqavilə üzrə Cavabdeh3 banka 7406.06 manat əsas borc, 546.85 manat faiz borcu olmaqla ümumilikdə 7952.91 manat borcu vardır. 25 noyabr 2022-ci il tarixli 303/001 nömrəli və 25 noyabr 2022-ci il tarixli 304/001 nömrəli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 99.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh3 27 aprel 2021-ci il tarixli İK1003734 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödənişləri ödəməmiş, bununla da "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 7406.06 manat əsas borc, 546.85 manat faiz borcu olmaqla ümumilikdə 7952.91 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və eləcə də Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında bağlanmış 27 aprel 2021-ci il tarixli, 1003734/22701 nömrəli və 27 aprel 2021-ci il tarixli 1003734/22700 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından iddiaçı "xxxx" ASC-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27 aprel 2021ci il tarixli İK1003734 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 7406.06 manat əsas borc, 546.85 manat faiz borcu olmaqla ümumilikdə 7952.91 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 99.53 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh3 və Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27 aprel 2021-ci il tarixli İK1003734 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 7406.06 manat əsas borc, 546.85 manat faiz borcu olmaqla ümumilikdə 7952.91 manat borc və 99.53 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 8052.44 (səkkiz min əlli iki manat, qırx dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar