Məhkəmə qərarları › İş №e-2(111)-130/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-130/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-130/2025 25.04.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən edti: İddiaçı Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 700 manat əsas, 35 manat faiz, 100,5 manat komissiya, 423,5 manat cərimə olmaqla, cəmi 1259 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı BOKT MMC (bundan sonra “İddiaçı”) mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx/xx/2023-cü il tarixli **********07 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 700 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 700 manat, faiz borcu üzrə 35 manat, xidmət haqqına (komissiyaya) görə isə 100,5 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 423,5 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 1259 manat təşkil edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0**********07 saylı müqavilədən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-dən 30 gün müddətinə illik 60,85 % olmaqla 700 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh cəmi 700 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 700 manat əsas borc, 35 manat faiz, 100,5 manat komissiya və 423,5 manat cərimə borcu olmaqla, cəmi 1259 manat borcu vardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün onun iddiaçıya 1259 manat borcu yaranmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, və.s) sübuta yetirmişdir. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85 % həcmində faiz tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə dəbbə pulu (cərimə) borcu ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 700 manat əsas borca münasibətdə 423,50 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 700 manat əsas borca mütənasib olaraq 35 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 22,54 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli rayon Xıncab kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 700 manat əsas borc, 35 manat faiz, 100,50 manat komissiya və 35 manat cərimə borcu olmaqla, cəmi 870,50 (səkkiz yüz yetmiş manat, əlli qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun 22,54 (iyirmi iki manat əlli dörd qəpik) manatlıq hissəsi olmaqla cəmi 893,04 (səkkiz yüz doxsan üç manat, dörd qəpik) manat məbləğində vəsait tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar