Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-148/2023 19.06.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsədli Cavid Yadulla oğlunun katibliyi ilə, İddiaçı1 (bundan sonra "xxxx" MMC) Cavabdeh alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 550 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 55 manatın, 13 manat notarius xərcinin, nəticə etibarı ilə ümumilikdə 618 manat pulun və iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 MMC-nin təsisçisi, mən İddiaçı2 Cavabdeh ilə 10 noyabr 2022-ci il tarixində 25 nömrəli kredit-satış müqaviləsi bağlamışıq. 10 noyabr 2022-ci il tarixində 25 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “Xiaomi not 11 pro” markalı telefonu 6 aylıq kreditlə 850 manat dəyərində almış və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 300 manat ödənilmiş, lakin hazırda qalan 550 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən İddiaçı2 telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırki vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydım mən İddiaçı2 maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Quliyev X1 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 10 noyabr 2022-ci il tarixli 25 nömrəli müqavilədən yaranan 550 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 55 manat penya və 13 manat notarius xərcinin və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İş üzrə iddiaçı "xxxx" MMC-nin təsisçisi İddiaçı2 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işi ilə əlaqədar xarici ölkədə olduğundan iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, "xxxx" MMC-nin direktoru İddiaçı2 isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, qeyd edilən müqavilə üzrə 850 manat ödəməli olduğu məbləğdən cəmi 300 manat məbləğində pul ödənişi etmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2022-ci il tarixli 25 nömrəli müqavilə üzrə ümumilikdə 550 manat ödənilməmiş hissə, 55 manat cərimə borcu olmaqla cəmi 605 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır və aşağıdakı qeyd edilən sənədlərlə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş:xx.xx.2022-ci il tarixli 25 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən alğı-satqı qiyməti 850 manat (5 ay x 132 manat + 1 ay x 130 + 60 manat ilkin ödəniş) olmaqla “Xiaomi not 11 pro” markalı telefon almış və xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək hər ay 132 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə isə 130 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilələrin 4.4-cü bəndinə əsasən “alıcı” tərəfindən bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “əlavə 2 ödəniş” cədvəlində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə “Alıcı” müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5 faiz məbləğində ödənişi “Satıcı”ya ödəməlidir. xx.xx.2022-ci il tarixli 25 nömrəli müqavilədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 25 nömrəli müqavilə üzrə 300 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMCnin təsisçisi İddiaçı2 tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 25 nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" MMC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, əsas borca hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı iddiası işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının borcludan “notarius xərcinin tutulması” tələbinə aid hissəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən notarius xərcləri işə baxılması ilə bağlı məsrəflərə aid edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsaslararaq məhkəmə hesab edir ki, iddia tələbinin “notarius xərcinin tutulması” tələbinə aid hissəsi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun, notarius xərcinin məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 25 nömrəli müqavilə üzrə 550 manat ödənilməmiş hissə, 55 manat cərimə borcu olmaqla ümumilikdə 605 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 29.37 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 25 nömrəli müqavilə üzrə ümumilikdə 550 manat ödənilməmiş hissə, 55 manat cərimə olmaqla cəmi 605 manat borc və 29.37 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 634.37 (altı yüz otuz dörd manat, otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı1nə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-148/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-148/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver