Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-161/2022 18.08.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi, "xxxx" MMC-nin təsisçisi X1 və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra "xxxx" MMC) Cavabdeh alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 800 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 80 manatın, hüquqi yardım üçün ödənilmiş 200 manat vəkil xərcinin, 13 manat notarius xərcinin, ümumilikdə 1093 manat pulun və iddia qaldırmaq üçün ödənilən 31 manat dövlət rüsumunun alınaraq "xxxx" MMCyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin təsisçisi X2 Cavabdeh ilə 27 avqust 2021-ci il tarixdə 542 və 543 nömrəli kredit-satış müqavilələri imzalamışlar. 27 avqust 2021-ci il tarixli 542 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh "SAMSUNG GALAXY A52" markalı telefonu 6 aylıq kreditlə 800 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 200 manat ödənilmiş, lakin hazırda 600 manat borcunu ödəməkdən imtina edir. 27 avqust 2021-ci il tarixli 543 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh "SAMSUNG GALAXY A01" markalı telefonu 6 aylıq kreditlə 350 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş daxil olmaqla 150 manat ödənilmiş, lakin hazırda 200 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, o, X2 telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı, o, maddi itkilərlə qarşılaşmayacaq idi. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuş və borc pulu ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Onu da qeyd edir ki, cavabdehin yuxarıda qeyd olunan 27 avqust 2021-ci il tarixli 542 və 543 nömrəli müqavilələrdən yaranan 800 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 80 manat peniya və həmçinin bunun üçün özünə vəkil tutduğundan qonorar olaraq ödədiyi 200 manat pulun, 13 manat notarius xərcinin və 31 manat dövlət rüsumunun da cavabdehdən qaytarılmasını istəyir. İş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə cavabdehin teleqramda göstərdiklərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmədə "xxxx" MMC-nin təsisçisi qismində dindirilən X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və tələbinin təmin olunması məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmədə iddiaçının vəkili və nümayəndəsi qismində dindirilən Vəkil izahatında iddiaçının göstərdiklərini təsdiqləyərək məhkəmədən qanuni qərar çıxarılması xahiş etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, qeyd edilən müqavilələr üzrə 1150 manat ödəməli olduğu məbləğdən cəmi 350 manat məbləğində pul ödənişi etmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2021-ci il tarixli, 542 nömrəli və xx.xx.2021-ci il tarixli, 543 nömrəli müqavilələr üzrə ümumilikdə 800 manat ödənilməmiş hissə, 80 manat cərimə borcu olmaqla cəmi 880 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır və aşağıdakı qeyd edilən sənədlərlə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş:xx.xx.2021-ci il tarixli, 542 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən alğı-satqı qiyməti 800 manat (5 ay x 140 manat + 100 manat ilkin ödəniş) olmaqla "SAMSUNG GALAXY A52" markalı telefon almış və xx.xx.2021-ci il tarixdən xx.xx.2022 tarixədək hər ay 140 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. xx.xx.2021-ci il tarixli, 543 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən alğı-satqı qiyməti 350 manat (5 ay x 50 manat + 100 manat ilkin ödəniş) olmaqla "SAMSUNG GALAXY A01"markalı telefon almış və xx.xx.2021-ci il tarixdən xx.xx.2022 tarixədək hər ay 50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödəmənin son tarixi xx.xx.2022-ci ildir. Tərəflər arasında bağlanmış müqavilələrin 4-cü bəndinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat həcmində penya hesablanır. xx.xx.2021-ci il tarixli, 542 və 543 nömrəli müqavilələrdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə 542 nömrəli müqavilə üzrə 100 manat, 543 nömrəli müqavilə üzrə 50 manat məbləğində ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli, 04/195 nömrəli hüquqi yardım üzrə xidmət müqaviləsindən görünür ki, X2 hüquqi yardımın göstərilməsi üçün Naxçıvan şəhər Hüquq Məsləhətxanasına müraciət etmiş və Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ilə müqavilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixli, 005221 nömrəli qəbzə əsasən X2 04/195 saylı razılaşma üzrə 200 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMCnin təsisçisi X2 tərəfindən məhkəməyə ərizə verilərkən 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli, 542 nömrəli və xx.xx.2021-ci il tarixli, 543 nömrəli müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" MMC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, əsas borca hesablanmış cərimənin, həmçinin vəkil xərcinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı iddiası işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının borcludan “notarius xərcinin tutulması” tələbinə aid hissəyə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş və tələbini əsaslandırmamışdır. Eyni zamanda bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən notarius xərcləri işə baxılması ilə bağlı məsrəflərə aid edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsaslararaq məhkəmə hesab edir ki, iddia tələbinin “notarius xərcinin tutulması” tələbinə aid hissəsi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun, vəkil xərcinin, notarius xərcinin məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 542 nömrəli və xx.xx.2021-ci il tarixli, 543 nömrəli müqavilələr üzrə 800 manat ödənilməmiş hissə, 80 manat cərimə borcu, 200 manat vəkil xərci olmaqla, ümumilikdə 1080 manat məbləğində pul tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 manat dövlət rüsumunun 30.63 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 542 nömrəli və xx.xx.2021-ci il tarixli, 543 nömrəli müqavilələr üzrə ümumilikdə 800 manat ödənilməmiş hissə, 80 manat cərimə, hüquqi yardım üçün ödənilmiş 200 manat vəkil xərci olmaqla cəmi 1080 manat borc və 30.63 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 1110.63 (bir min yüz on manat, 63 qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-161/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-161/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver