Məhkəmə qərarları › İş №e-2(111)-166/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-166/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-166/2025 30.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1537 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 160 manatın, nəticə etibarı ilə ümumilikdə 1697 (min altı yüz doxsan yeddi) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 36,97 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, “Telefon Mağazası”nın satıcısı Cavabdeh ilə 15 sentyabr 2024-cü il tarixdə 436 nömrəli nisyə mal satınalması müqaviləsi bağlamışdır. 15 sentyabr 2024-cü il tarixdə 436 nömrəli nisyə mal satınalması müqaviləsinə əsasən Cavabdeh “İphone 14” markalı telefonu 12 aylıq kreditlə 2350 manat dəyərində almış və hazırkı vaxtadək cavabdeh tərəfindən ilkin ödəniş də daxil olmaqla 813 manat ödəniş etmişdir. Hazırda qalan 1537 manat borcunu ödəməkdən imtina etmişdir. Bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% penya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. O, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Cavabdehin yuxarıda qeyd olunan 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli müqavilədən yaranan 1537 manat əsas borcu vardır. Bundan əlavə o müqavilədə göstərilən 3.3-cü bəndə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə, yəni ümumilikdə dəbbə pulu olaraq 160 manat penya və 36,97 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli “Nisyə mal satınalması” müqaviləsindən görünür ki, həqiqətən də İddiaçı ilə Cavabdeh arasında müqavilə imzalanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alğı-satqı qiyməti 2350 manat olan “İphone 14” markalı mobil telefonu 300 manat ilkin ödəniş etməklə almış və müqavilənin tərkib hissəsi olan Əlavə 1-ə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 170,83 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən alıcı aylıq ödənişi müəyyən olunmuş son gündən 45 gün gecikdirdikdən sonra satıcı tərəfindən şifahi və ya yazılı xəbərdarlıq edilir, bu xəbərdarlıqdan sonra 5 iş günü müddətində alıcı tərəfindən ödəniş Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə həyata keçirilir. 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli “Nisyə mal satınalması” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. Tərəflər arasında bağlanmış 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli müqavilənin 3.3-cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli “Nisyə mal satınalması” müqaviləsinə Əlavə 1 olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən ilkin ödənişdə daxil olmaqla bu günədək müqavilə üzrə cəmi 813 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli arayışa əsasən 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli müqavilə üzrə Cavabdeh 1537 manat əsas borc, 160 manat gecikdirilmiş penya pulu, nəticə etibarı ilə ümumilikdə 1697 manat ödənilməmiş borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı tərəfindən ona olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli **********499000 nömrəli Qeydiyyatda olub-olmaması barədə arayışdan görünür ki, İddiaçı (VÖEN:**********) həqiqətən xx.xx.2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir və “İxtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri” fəaliyyət növü ilə məşğul olur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 36,97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alğısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, cavabdeh isə alğı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında 15 sentyabr 2024cü il tarixli 436 nömrəli “Nisyə mal satınalması” müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə gecikdirilən pul öhdəliyi üzrə 1537 manat əsas borc, gecikdirilmiş penya pulu olan 160 manat, nəticə etibarı ilə ümumilikdə 1697 manat ödənilməmiş borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı müqavilə üzrə 1537 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 1537 manat əsas borcuna münasibətdə 160 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 160 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 77 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli müqavilə üzrə 1537 manat əsas borc, 77 manat cərimə borcu olmaqla ümumilikdə 1614 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36,97 manat dövlət rüsumunun 35,16 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2024-cü il tarixli 436 nömrəli müqavilə üzrə 1537 manat əsas borc, 77 manat cərimə, cəmi 1614 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 35,16 manatlıq hissəsi olmaqla ümumilikdə 1649,16 (min altı yüz qırx doqquz manat, on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar