Məhkəmə qərarları › İş №e-2(111)-170/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-170/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-170/2022 25.08.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 6372.31 AZN əsas, 816.03 AZN faiz, cəmi 7188.34 AZN məbləğində vəsaitin və 91.88 AZN məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4075007A121 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6372.31 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 6372.31 AZN əsas, 816.03 AZN faiz, cəmi 7188.34 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4075007A121 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 20% hesablanmaqla, 60 ay müddətinə 6372.31 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4075007A121 nömrəli kredit müqaviləsinin 3.1.4-cü və 3.1.4.1-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki bank tərəfindən Cavabdeh 6372.31 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2021-ci il tarixli, RGTK4075007A121 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2026cı il tarixədək hər ay 168.83 manat, son ödəmə tarixi olan xx.xx.2026-cı ildə isə 172.96 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 135000/2213 nömrəli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4075007A121 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 6372.31 manat əsas, 816.03 manat faiz olmaqla, ümumilikdə 7188.34 manat borcu vardır. 25 dekabr 2021-ci il tarixli, 16/66131 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 91.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli, RGTK4075007A121 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, iş üzrə verilmiş maliyyə arayışına əsasən müqavilə üzrə heç bir ödəniş etməyərək onun İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 6372.31 manat əsas, 816.03 manat faiz olmaqla, ümumilikdə 7188.34 manat borcu vardır. Bu səbəbdən də tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2022-ci il tarixli cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, RGTK4075007A121 nömrəli kredit müqaviləsi üzrə 6372.31 manat əsas, 816.03 manat faiz olmaqla, ümumilikdə 7188.34 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 91.88 manat məbləğində dövlət rüsumu da Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, RGTK4075007A121 nömrəli kredit müqaviləsi üzrə 6372.31 manat əsas, 816.03 manat faiz olmaqla, ümumilikdə 7188.34 manat borc və 91.88 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 7280.22 (yeddi min iki yüz səksən manat, 22 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar