Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-175/2024 09.07.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2911.40 manat məbləğində əsas kredit borcu, 32.10 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0.81 manat cərimə borcu olmaqla cəmi 2944.31 manat məbləğində pul vəsaiti və 49.50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə bağlanmış 45090***- *******02L saylı xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 24 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3500 manat məbləğində sms kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 45FİZAM155627501 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 2911.40 manat məbləğində əsas kredit borcu, 32.10 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 0.81 manat cərimə borcu olmaqla, cəmi 2944.31 manat məbləğində borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviəsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehlərə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli 45090***-*******02L saylı əsas kredit limiti razılaşmasının 1.1ci bəndinə əsasən “Kreditverən” “Borcalan”a 50000 (əlli min) manat məbləğində 120 (yüz iyirmi) ay müddətinə xx.xx.2032-ci il tarixədək kredit limiti ayırır və kredit limiti çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli 45090***-*******02L saylı əsas kredit limiti razılaşmasının 4.1.1-ci bəndinə əsasən, 3 (üç) bank günü ərzində “Borcalan” ona verilmiş kredit hissəsini və onun faizini ödəmək iqtidarında olmadıqda “Kreditverən” bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə qaytarılmasını tələb edə bilər. Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli 45090***-*******02L nömrəli müqavilənin 5.6-cı bəndi ilə şərtlərini qəbul etdiyi “Kompleks Bank Xidmət Müqaviləsi”nin 11.13-cü bəndinə əsasən borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40%-i məbləğində cəriməni ödəməlidir. xx.xx.2022-ci il tarixli 45FİZAM155627501 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2022-ci il tarixli 45090***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli sms bildirişindən görünür ki, İddiaçı ASC 24 ay müddətinə illik 20 faiz dərəcəsi 70 AZN komissiya ilə 3500 AZN kredit təklif edir. Aylıq ödəniş 178.16 AZN olmaqla hər ayın 17-dək ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 bu təklifi qəbul etmiş və xx.xx.2023- xx.xx.2024-cü il tarixə verilmiş hesabdan çıxarışa əsasən görünür ki, 3500 manat Cavabdeh1 hesabına köçürülmüşdür. xx.xx.2023-xx.xx.2024-cü il tarixə verilmiş hesabdan çıxarışa əsasən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cəmi 917 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli 1698 nömrəli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 45171***-*******01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 2911.40 manat əsas, 50.2 manat faiz, 2.6 manat cərimə borcu olmaqla cəmi 2964.2 manat borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 49.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixli 45171***-*******01 saylı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1247.12 manat ödəməli olduğu halda, cəmi 917 manat ödəniş etmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq və eləcə də Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli 45FİZAM155627501 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından iddiaçı "xxxx" ASC-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və müqavilə üzrə hesabdan çıxarışı əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli 45171***-*******01 saylı kredit müqaviləsinə əsasən 2911.40 manat əsas, 32.10 manat faiz və 0.81 manat cərimə borcu olmaqla cəmi 2944.31 manat borc məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 49.50 manat dövlət rüsumu da cavabdehlərə aid edilərək müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli 45171***-*******01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 2911.40 manat əsas borc, 32.10 manat faiz borcu, 0.81 manat cərimə borcu olmaqla cəmi 2944.31 manat kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49.50 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2993.81 (iki min doqquz yüz doxsan üç manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-175/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-175/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver