Məhkəmə qərarları › İş №e-2(111)-177/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-177/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-177/2023 27.07.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 4817.50 manat əsas, 272.04 manat faiz və 11.34 manat cərimə olmaqla cəmi 5100.88 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 71.41 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 55 ay müddətinə illik 20% ödəmək şərti ilə 4930 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödənilməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş:xx.xx.2022-ci il tarixli 202nkQUBA/22 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə xx.xx.2027-ci il tarixədək illik 20 faiz dərəcəsi ilə 4930 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 202nkQUBA/22 nömrəli kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı xx.xx.2021-ci il tarixli 3805nkNAR/21 nömrəli müqaviləsi üzrə 4929.31 manat məbləğ borcun bağlanılmasıdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit borcalanın xx.xx.2021- tarixli 3805nkNAR/21 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Həmin müqavilənin 2.7 və 2.7.1-ci bəndlərinə əsasən müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozulduqda bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini vaxtından əvvəl qaytarılmasını müştəridən tələb edə bilər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya borcalan tərəfindən bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən borcalan özünün fəaliyyəti iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda bank kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı kreditin ümumi məbləğinin 1 faizi miqdarında cərimə tətbiq edə bilər. xx.xx.2022-ci il tarixli 202nkQUBA/22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hər ay 138 manat, son ödəmə tarixi olan xx.xx.2027-ci ildə isə 115.30 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli UB-BANK/PİKMD/1104135 nömrəli maliyyə arayışına əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 202nkQUBA/22 nömrəli müqavilə üzrə Cavabdeh banka 4817.50 manat əsas, 272.04 manat faiz və 11.34 manat cərimə olmaqla cəmi 5100.88 manat borcu vardır. 06 mart 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" ASC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 71.01 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş iş materiallarından aydın olur ki, borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 202nkQUBA/22 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" KB ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəniş cədvəlinə uyğun ödəməmiş, cavabdehin xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə 4817.50 manat əsas, 272.04 manat faiz və 11.34 manat cərimə olmaqla, cəmi 5100.88 manat borc vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq iddiaçı "xxxx" KB ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 202nkQUBA/22 nömrəli kredit müqaviləsinə əsasən 4817.50 manat əsas, 272.04 manat faiz və 11.34 manat cərimə olmaqla cəmi 5100.88 manat borc məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 71.01 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 202nkQUBA/22 nömrəli kredit müqaviləsindən yaranmış 4817.50 manat əsas, 272.04 manat faiz və 11.34 manat cərimə olmaqla, cəmi 5100.88 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 71.01 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 5172.29 (beş min yüz yetmiş iki manat, iyirmi doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar