Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-208/2024 13.08.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 236.71 AZN məbləğində əsas overdraft borcunun, 46.59 AZN hesablanmış cərimə borcunun, cəmi 283.30 AZN borcun və 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bank müştəriyə ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərini göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür”. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan:- "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı ödəniş kartları ürzə xidmət göstəriməsi haqqında müqavilənin məzmunundan görünür ki, bank müştəriyə ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.8-ci bəndində nəzərdə tutulmuşdur ki, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) faiz məbləğində cərimə ödənişi həyata keçirməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraftın yarandığı və ya müştəriyə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. xx.xx.2021-ci il tarixli ******* saylı ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilənin 3.4.2-ci bəndində qeyd edilmişdir ki, kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək, texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli elektron arayışdan və xx.xx.2022 – xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 236.71 AZN overdraft borcu yaranmışdır. Nəticə elibari ilə xx.xx.2024 tarixdə əsas borc 236.71 AZN və qeyd olunan əsas borca 46.59 AZN cərimə hesablanmışdır. Qeyd olunan overdarft borcu üzrə xx.xx.2024 tarixdə 283.30 AZN borc təşkil edir. 12 iyul 2024-cü il tarixli UB-BANK/PİKMD/1205972 nömrəli maliyyə arayışına əsasən 4510ovBKX/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə 12 iyul 2024cü il tarixə 236.71 manat əsas, 46.59 manat cərimə borcu olmaqla cəmi 283.30 manat borcu vardır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh sözügedən müqaviləsi üzrə Banka borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi təklif olunaraq müqavilənin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. xx.xx.2024-cü il il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Texniki Overdraft dedikdə, texniki səhv nəticəsində ödənilmiş (köçürülmüş), qalıq və ya borc qismində pul vəsaiti başa düşülür. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli ******* saylı ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə üzrə öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İşin bu halı iş materiallarında olan cavabdeh tərəfindən pul vəsaitlərinin çıxarılması əməliyyatlarını əks etdirən hesabdan çıxarışda öz əksini tapmışdır. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ümumilikdə 236.71 manat pul vəsaiti çıxarılmışdır. Məhkəmə qeyd edir ki, mübahisənin qanuni əsasını əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Belə ki, təqdim edilmiş ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, cavabdehin kartına texniki maliyyə əməliyyatı səhvi olaraq bank tərəfindən köçürülmüş 236.71 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan və özünə məxsus olmayan pul vəsaitlərini istifadəsində olan kart vasitəsi ilə bankdan çıxarmaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya ziyan vurmuşdur. Ona görə də, idiaçının hesabına əldə etdiyi 236.71 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. İddiaçı cavabdehdən 236.71 manat əsas borcuna münasibətdə 12 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən 46.59 manat cərimə tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 46.59 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləği azaldırılaraq 12 (on iki) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını və hesabdan çıxarışı əsas götürərək təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 236.71 manat əsas borc və 12 manat cərimə borcu olmaqla cəmi 248.71 manat məbləğində kredit borcu tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 236.71 manat əsas, 12 manat cərimə, cəmi 248.71 manat və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 278.71 (iki yüz yetmiş səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-208/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-208/2024
13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver