Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-213/2025 23.07.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 800 manat əsas, 33 manat faiz, 115 manat komissiya və 492 manat cərimə olmaqla, cəmi 1440 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı BOKT MMC (bundan sonra “İddiaçı”) mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********003 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərti ilə 800 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 800 manat, faiz borcu üzrə 33 manat, xidmət haqqına (komissiyaya) görə isə 115 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 492 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 1440 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********003 saylı müqavilədən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC tərəfindən xx.xx.2024-cü il tarixədək illik 60,85 % və verilmiş kredit məbləği üzrə xidmət haqqı 114,60 manat olmaqla 800 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh cəmi 800 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli **********003 saylı mikrokredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 800 manat əsas, 33 manat faiz, 115 manat komissiya və 492 manat cərimə borcu olmaqla, cəmi 1440 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcu ödəmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli **********45 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən məhkəməyə ərizə verilərkən “ASAN ödəniş” sistemi vasitəsilə 34,40 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün onun iddiaçıya 1439,60 manat borcu yaranmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, və.s) sübuta yetirmişdir. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85 % həcmində faiz tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə dəbbə pulu (cərimə) borcu ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçının həmin tələblə bağlı müqavilə üzrə 800 manat əsas, 33 manat faiz borcu, 114,60 manat xidmət haqqı (komissiya) olmaqla 947,60 manat borc işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 833 manat əsas və faiz borcuna münasibətdə 492 manat cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 492 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 45 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli **********003 saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixə 800 manat əsas, 33 manat faiz borcu, 45 manat cərimə borcu və 114,60 manat xidmət haqqı (komissiya) olmaqla cəmi 992,60 manat pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 23,71 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli rayon Şahtaxtı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 800 manat əsas, 33 manat faiz, 45 manat cərimə borcu və 114,60 manat xidmət haqqı (komissiya), cəmi 992,60 (doqquz yüz doxsan iki manat, altmış qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun 23,71 (iyirmi üç manat, yetmiş bir qəpik) manatlıq hissəsi olmaqla ümumilikdə 1016,31 (bir min on altı manat, otuz bir qəpik) manat məbləğində vəsait tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-213/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-213/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver