Məhkəmə qərarları › İş №e-2(111)-236/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-236/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-236/2023 15.11.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanəliyeva Günel Bayram qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 22 iyul 2020-ci il tarixli İK2207/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 4438.61 manat əsas borc, 1092.16 manat faiz borcu olmaqla ümumilikdə 5530.77 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 75.31 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 22 iyul 2020-ci il tarixli, İK2207/06 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10 500 (on min beş yüz) manat məbləğində krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 22 iyul 2020-ci il tarixli, ZM2207/06 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləricədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış fazilərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşımasımüəyyənləşdirilir. Cavabdeh1 tərəflər arasında bağlanmış 22 iyul 2020-ci il tarixli, İK2207/06 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 4 438.61 (dörd min dörd yüz otuz səkkiz manat 61 qəpik) manat əsas borc, 1092.16 (bir min doxsan iki manat 16 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5530.77 (beş min beş yüz otuz manat 77 qəpik) manat kredit borcu öhdəliyi var. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh2 gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbinə və tələbdə göstərilən məbləğə etirazı olmadığını, əvvəllər hərbi hissədə işlədiyindən kredit müqaviləsi üzrə borcu ödədiyini, lakin sonradan işdən çıxarıldığından bu borcu ödəyə bilmədiyini, demək olar ki, 2022-ci ildən kredit müqaviləsi üzrə borcunu ödəmədiyini, hazırda müxtəlf yerlərdə günəmuzd fəhlə işlədiyini, ailəli və 2 azyaşlı uşağı olduğundan ödəniş edə bilmədiyini, əgər bank razılaşarsa ayda 100 manat ödəyə biləcəyini bildirərək bu məsələdə ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyul 2020-ci il tarixli İK2207/06 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 17% hesablanmaqla, 36 ay müddətinə 10500 manat məbləğində kredit verilmişdir. 22 iyul 2020-ci il tarixli ZM2207/06 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 iyul 2020-ci il tarixli İK2207/06 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 22 iyul 2020-ci il tarixli 2043 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, bank tərəfindən xidmət haqqı çıxılmaqla Cavabdeh1 10405 manat məbləğində ödəniş edilmişdir. 22 iyul 2020-ci il tarixli İK2207/06 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 374.35 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə isə 374.49 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 1012 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 22 iyul 2020-ci il tarixli İK2207/06 nömrəli müqavilə üzrə Cavabdeh1 banka 4438.61 manat əsas borc, 1092.16 manat faiz borcu olmaqla ümumilikdə 5530.77 manat borcu vardır. 14 noyabr 2022-ci il tarixli 04/2099 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 75.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 22 iyul 2020-ci il tarixli İK2207/06 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödənişləri ödəməmiş, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edən çıxarışa əsasən 22 iyul 2020-ci il tarixli İK2207/06 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcu üzrə ümumilikdə 6061.39 manat ödəniş edilmiş bununla da "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 4438.61 manat əsas borc, 1092.16 manat faiz borcu olmaqla ümumilikdə 5530.77 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və eləcə də Cavabdeh2 ilə bank arasında bağlanmış 22 iyul 2020ci il tarixli, ZM2207/06 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından iddiaçı "xxxx" ASC-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 iyul 2020-ci il tarixli İK2207/06 nömrəli kredit müqaviləsi üzrə 4438.61 manat əsas borc, 1092.16 manat faiz borcu olmaqla ümumilikdə 5530.77 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 75.31 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 iyul 2020-ci il tarixli İK2207/06 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 4438.61 manat əsas borc, 1092.16 manat faiz borcu olmaqla ümumilikdə 5530.77 manat borc və 75.31 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5606.08 (beş min altı yüz altı manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar