Məhkəmə qərarları › İş №e-2(111)-28/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-28/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-28/2025 14.01.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova İntizar Zeynal qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 17 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4719,6 manat əsas borc, 271,34 manat faiz borc və 317,08 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5308,02 manat və 73,08 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 17 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 14.7 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 09 oktyabr 2024-dək Cavabdeh banka 17 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4719.6 manat əsas borc, 271.34 manat faiz borcu və 634.16 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5625.1 manat borcu vardır. Cavabdeh 17 mart 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 634.16 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 317.08 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:xx.xx.2023-cü il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərlə tənzimlənən Razılaşmadan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-dən illik 14,7 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli 29-Y-1-0-564-23 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025ci il tarixədək hər ay 483,44 manat, son ödəmə tarixi olan xx.xx.2025-ci il tarixdə isə 483,51 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü tarixli məxaric qəbzinin surətindən görünür ki, 1 faiz komisyon haqqı tutulmaqla cavabdehin hesabına 9900 manat məbləğ köçürülmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə aldığı kredit üzrə əsas borc üzrə qalıq məbləğ 4719,6 manat, faiz borcu üzrə qalıq məbləğ 271,34 manat, cərimə borc üzrə qalıq məbləğ 634,16 manat, cəmi borc 5625,1 manat olaraq qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə 5 gün müddətində borcunu ödəməsi barədə pretenziya qaydasında məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 73,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş üzrə təqdim edilmiş materiallardan aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərlə tənzimlənən Razılaşma ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödəməmiş, müqavilə üzrə 16 noyabr 2024-cü il tarixə 9668,8 manat ödəməli olduğu halda həmin tarixədək əsas borcundan 5280,4 manat, faiz borcundan isə 1345,5 manat cəmi 6625,9 manat ödəniş etmişdir. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 4990.94 manat əsas və faiz borcuna münasibətdə 317.08 manat cərimə tələb etmişdir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 317.08 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləği azaldırılaraq 250 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 29-Y-1-0-564-23 nömrəli kredit müqaviləsinə əsasən 4719.6 manat əsas, 271.34 manat faiz və 250 manat cərimə borcu olmaqla cəmi 5240.94 manat borc məbləği tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 73,08 manat dövlət rüsumunun 72.15 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 29-Y-1-0-564-23 nömrəli kredit müqaviləsindən yaranmış 4719.6 manat əsas, 271.34 manat faiz və 250 manat cərimə borcu olmaqla cəmi 5240.94 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 72.15 manat dövlət rüsumu olmaqla ümumilikdə 5313.09 (beş min üç yüz on üç manat, doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar