Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-288/2025 14.11.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X1 Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" KB ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 4648,56 AZN əsas, 1020 AZN faiz, 875,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla cəmi 6543,72 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 85,44 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərti ilə 3000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 sentyabr 2025, cümə tarixinə "xxxx" KB ASC-yə 4648,56 AZN əsas, 1020 AZN faiz, 875,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6543,72 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasının iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə etiraz daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli sms bildirişindən görünür ki, "xxxx" ASC cavabdehə 60 aylıq, illik 29%-lə, 3000 AZN kredit xətti açmağı təklif etmiş, xx.xx.2020-ci il tarixdə Cavabdeh bu təklifi qəbul etmiş, bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli 4830sSTB2/20 nömrəli kredit müqaviləsi bağlanmış və qeyd olunan vəsait cavabdehin kartına köçürülmüşdür. 19 may 2025-ci il tarixli UB-BANK/PİKMD/-S nömrəli arayışdan görünür ki, "xxxx" KB ASC-nin müştərisi olan Cavabdeh 4830sSTB2/20 saylı kredit müqaviləsi üzrə bank tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli sms bildirişdə kredit kartının limitinin artırılaraq 5000 AZN edildiyi göstərilmişdir. xx.xx.2020 - xx.xx.2025-ci il tarixləri əhatə edən Cavabdeh məxsus hesab üzrə çıxarışdan görünür ki, cavabdeh müqavilə üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müxtəlif ödənişlər etmişdir. 12 sentyabr 2025-ci il tarixli UB-BANK/PİKMD/1308234 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 4830sSTB2/20 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə həmin tarixə 4648,56 AZN əsas, 1020 AZN faiz, 875,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6543,72 AZN borcu vardır. xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 4830sSTB2/20 saylı müqavilə üzrə "xxxx" ASC-yə borcunun olması barədə xəbərdarlıq edilmiş və banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 85,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş iş materiallarından aydın olur ki, borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli 4830sSTB2/20 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" KB ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, cavabdehin xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 4648,56 manat əsas, 1020 manat faiz və 875,16 manat cərimə borcu olmaqla cəmi 6543,72 manat borc vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq iddiaçı "xxxx" KB ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, kreditdən istifadəyə görə faizlərin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. İddiaçı xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehdən 4648,56 manat əsas borcuna münasibətdə 875,16 manat cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 875,16 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 465 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2025-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və müqavilə üzrə hesabdan çıxarışı əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli 4830sSTB2/20 nömrəli kredit müqaviləsinə əsasən 4648,56 manat əsas, 1020 manat faiz və 465 manat cərimə borcu olmaqla cəmi 6133,56 manat borc məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 85,44 manat dövlət rüsumunun 80,08 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 4830sSTB2/20 nömrəli kredit müqaviləsindən yaranmış 4648,56 manat əsas, 1020 manat faiz və 465 manat cərimə borcu olmaqla cəmi 6133,56 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 80,08 manatlıq hissəsi olmaqla ümumilikdə 6213,64 (altı min iki yüz on üç manat, altmış dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham İbrahimov
Məhkəmə qərarları › İş №e-2(111)-288/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-288/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver