Məhkəmə qərarları › İş №e-2(111)-29/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-29/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-29/2024 13.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanəliyeva Günel Bayram qızının katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" QSCnin xeyrinə 23300.26 manat məbləğində kredit borcu, 1545.57 manat məbləğində faiz borcu və 1147.52 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 25993 ( iyirmi beş min doqquz yüz doxsan üç) manat 35 qəpik məbləğində borcun və ödənilmiş 168 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26000 (iyirmi altı min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi X2 şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2699.74 manat ödəniş etmiş və оnun iddiaçıya 23300.26 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 130 gün üçün hesablanmış faiz borcu 1545.57 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 130 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1147.52 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi X2 şərtlərinin 7.6-ci bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Mülki işin hazırlıq mərhələsində iş üzrə İddiaçı QSC-nin X4 Davit Tsiklauri xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə iddia tələbinin azaldılmasına dair ərizə göndərərək məhkəməyə müraciət edildikdən sonra Cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyini (xx.xx.2023-cü il tarixində 99.99 manat, xx.xx.2023-cü il tarixində 148.50 manat) və həmin ödənişlərin əsas borcdan silindiyini bildirmiş, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 030A********** saylı kredit razılaşması üzrə 23051.77 manat məbləğində kredit borcu, 1545.57 manat məbləğində faiz borcu və 1147.52 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 25744 (iyirmi beş min yeddi yüz qırx dörd) manat 86 ( səksən altı) qəpik məbləğində borcun və 168 manat dövlət rüsumunun tutulmasın barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş:- İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borcalana illik 19% hesablanmaqla, 48 ay müddətinə 26000 manat məbləğində kredit verilmişdir. Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsi üzrə ərizəsində “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olmuş və onları qəbul etmişdir. “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”-nin 7.32 və 7.32.1-ci bəndinə əsasən müştəri krediti və kredit faizini şərtlərə və müvafiq ərizəyə uyğun qaytara bilmədikdə bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”-nin 7.20-ci bəndinə əsasən müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, bank tərəfindən Cavabdeh hesabına 26000 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2022 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə cəmi 6270.95 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 782 manat, son ödəmə tarixi olan xx.xx.2026-cı ildə isə 746.46 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 23051.77 manat əsas, 2388.74 manat faiz, 797.3 manat cərimə olmaqla, ümumilikdə 26237.81 manat borcu vardır. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi X1 tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə göndərilmiş ərizədən görünür ki, məhkəməyə müraciət edildikdən sonra Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş (xx.xx.2023-cü il tarixində 99.99 manat, xx.xx.2023-cü il tarixdə 148.50 manat) və həmin ödənişlərin əsas borcdan silinmiş, hazırda cavabdehin əsas borcu 23051.77 manat , xx.xx.2023-cü il tarixinə faiz borcu 1545.57 manat, cərimə borcu isə 1147.52 manat təşkil edir. 23 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı QSC tərəfindən 168 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs, hazırkı iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı QSC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, müqavilənin ödəniş cədvəli üzrə lazımi qaydada ödəniş etmədiyindən İddiaçı QSC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, kreditdən istifadəyə görə faizlərin və cərimənin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə ödəniş planına əsasən iddiaçıya xx.xx.2024-cü il tarixə 10948 manat ödəməli olduğu halda, cəmi 6270.95 manat ödəniş etmişdir. Məhkəmə mülki işin məhkəmə icraatı zamanı cavabdehin ödəniş etdiyini və iddiaçının iddia tələbinin azaldılmasına dair ərizədə göstərilən tələblə bağlı müqavilə üzrə 23051.77 manat məbləğində əsas borc və 1545.57 manat faiz borcun qaytarılması tələbini nəzərə alaraq hesab edir ki, işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə həmin tələb öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 1147.52 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləği azaldırılaraq 250 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, əsas borca hesablanmış faiz və cərimə borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsi üzrə 23051.77 manat əsas, 1545.57 manat faiz, 250 manat cərimə olmaqla ümumilikdə 24847.34 manat məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 168 manat dövlət rüsumunun 160.59 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 030A********** nömrəli kredit müqaviləsi üzrə 23051.77 manat əsas, 1545.57 manat faiz, 250 manat cərimə olmaqla ümumilikdə 24847.34 manat borc və 160.59 manat məbləğində ödənilmiş dövlət rüsumu daxil olmaqla cəmi 25007.93 (iyirmi beş min yeddi manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar