Məhkəmə qərarları › İş №e-2(111)-302/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-302/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-302/2024 11.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 350 manatın, nəticə etibarı ilə ümumilikdə 3850 (üç min səkkiz yüz əlli) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 58.5 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, “Telefon Mağazası”nın satıcısı Cavabdeh ilə 08 yanvar 2024-cü il tarixdə 10 nömrəli nisyə mal satınalması müqaviləsi bağlamışdır. 08 yanvar 2024-cü il tarixdə 10 nömrəli nisyə mal satınalması müqaviləsinə əsasən Cavabdeh “İphone 14 Pro” markalı telefonu 12 aylıq kreditlə 3900 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 400 manat ödənilmiş, lakin hazırda qalan 3500 manat borcunu ödəməkdən imtina etmişdir. Bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 2% cərimə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. O, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırki vəziyyətdə cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmuş, borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. Cavabdehin qeyd olunan 08 yanvar 2024-cü il tarixli 10 nömrəli müqavilədən yaranan 3500 manat əsas borcu vardır. Bundan əlavə o müqavilədə göstərilən 3.3-bəndə əsasən müqavilə üzrə aylıq ödənişin 2% hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə, yəni ümumilikdə dəbbə pulu olaraq 350 manat penya və 58.5 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixli icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- 08 yanvar 2024-cü il tarixli 10 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı alqı-satqı qiyməti 3900 manat olan “İphone 14 Pro” markalı telefonu almış, ümumi məbləğin 200 manatını ilkin olaraq ödəmiş və qalan məbləğin 3700 manat ödənilməmiş hissəsi üzrə müqavilənin tərkib hissəsi olan Əlavə 1-ə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 300 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 08 yanvar 2024-cü il tarixli 10 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən alıcı aylıq ödənişi müəyyən olunmuş son gündən 45 gün gecikdirdikdən sonra satıcı tərəfindən şifahi və ya yazılı xəbərdarlıq edilir, bu xəbərdarlıqdan sonra 5 iş günü müddətində alıcı tərəfindən ödəniş Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsi ilə həyata keçirilir. 08 yanvar 2024-cü il tarixli 10 nömrəli “Nisyə mal satınalması” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 08 yanvar 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan əşya imza edilərək təhvil alınmışdır. Tərəflər arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli 10 nömrəli müqavilənin 3.3cü bəndinə əsasən kredit ödənişinin gecikdirilməsi halında alıcı satıcıya hər gecikdirilən gün üçün müqavilə üzrə aylıq ödənişin 2%-i miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2024-cü il tarixli arayışa əsasən 08 yanvar 2024-cü il tarixli 10 nömrəli müqavilə üzrə Cavabdeh 3500 manat əsas borc, 350 manat gecikdirilmiş penya pulu, nəticə etibarı ilə ümumilikdə 3850 manat ödənilməmiş borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli **********499000 nömrəli Qeydiyyatda olub-olmaması barədə arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir və “İxtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri” fəaliyyət növü ilə məşğul olur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 58.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, cavabdeh isə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında 08 yanvar 2024cü il tarixli 10 nömrəli “Nisyə mal satınalması” müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə gecikdirilən pul öhdəliyi üzrə 3500 manat əsas borc, gecikdirilmiş penya pulu olan 350 manat, nəticə etibarı ilə ümumilikdə 3850 manat ödənilməmiş borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh 08 yanvar 2024-cü il tarixli 10 nömrəli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçının cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçının həmin tələblə bağlı müqavilə üzrə 3500 manat ödənilməmiş hissə və 350 manat cərimə tələbi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 08 yanvar 2024-cü il tarixli 10 nömrəli müqavilə üzrə 3500 manat əsas borc, 350 manat cərimə borcu olmaqla ümumilikdə 3850 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58.5 manat dövlət rüsumu cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 08 yanvar 2024-cü il tarixli 10 nömrəli müqavilə üzrə 3500 manat əsas borc, 350 manat cərimə, cəmi 3850 manat borc və 58.5 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 3908.50 (üç min doqquz yüz səkkiz manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar