Məhkəmə qərarları › İş №e-2(111)-304/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-304/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-304/2025 05.11.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "X2" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3306 AZN əsas, 564.23 AZN faiz, 85.95 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3956.18 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 59.57 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 29 ay müddətinə illik 25% ödəmək şərtilə 3306 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10 oktyabr 2025-ci il, cümə tarixə "xxxx" KB ASC-yə 3306 AZN əsas, 564.23 AZN faiz, 85.95 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3956.18 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan:- "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 25nkFİL8/25 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 25% ödəmək şərti ilə xx.xx.2027-ci il tarixədək 3306 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli 25nkFİL8/25 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025 – xx.xx.2025-ci il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən bank tərəfindən Cavabdeh 3306 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli 25nkFİL8/25 nömrəli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən “Bank” “Borcalan”ın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilədə nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “borcalan”dan tələb edə bilər. xx.xx.2025-ci il tarixli 25nkFİL8/25 nömrəli kredit müqaviləsinin 2.8-ci bəndinə əsasən «Müştəri» kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. xx.xx.2025-ci il tarixli 25nkFİL8/25 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hər ay 154 manat, son ödəmə tarixi olan xx.xx.2027-ci ildə 121.10 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 10 oktyabr 2025-ci il tarixli UB-BANK/PİKMD/1314346 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 25nkFİL8/25 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 10 oktyabr 2025-ci il tarixə 3306 AZN əsas, 564.23 AZN faiz, 85.95 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 3956.18 AZN borcu vardır. Cavabdeh məxsus hesab üzrə çıxarışdan görünür ki, cavabdeh müqavilə üzrə xx.xx.2025-ci il tarixdə 0.17 manat faiz borcundan ödənişl etmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 25nkFİL8/25 nömrəli müqavilə üzrə "xxxx" ASC-yə borcunun olması barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin 3 iş günü müddətində ödənilməklə müqavilənin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 59.57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixli 25nkFİL8/25 saylı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc, əsas borca görə hesablanmış faizləri və cəriməni vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, əsas borca hesablanmış faizlərin və cərimənin tam məbləğini tələb etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə iş materiallarını araşdırarkən məlum olmuşdur ki, iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən bütün borc məbləğini tələb etməklə faktiki olaraq müqavilədən imtina etməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə iddia qaldıran zaman müqavilədən imtina etdiyi xx.xx.2025-ci ildən sonrakı dövr üçün də müqavilə üzrə faizlər hesablamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1- ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, borc məbləği kredit müqaviləsindən imtina olunduğu anadək mövcud olan həddə hesablanaraq cavabdeh 3306 manat əsas, 287.38 manat faiz, 18.77 manat cərimə olmaqla, cəmi 3612.15 manat borc alınaraq iddiaçı “Unibank KB “ASC-nin hesabına köçürülməli, iddia digər hissədə rədd edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 59.57 manat dövlət rüsumunun 54.38 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 25nkFİL8/25 saylı kredit müqaviləsi üzrə 3306 manat əsas, 287.38 manat faiz, 18.77 manat cərimə olmaqla, cəmi 3612.15 manat və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 54.38 manat hissəsi olmaqla ümumilikdə 3666.53 (üç min altı yüz altmış altı manat, əlli üç qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar