Məhkəmə qərarları › İş №e-2(111)-305/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-305/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-305/2023 21.11.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra BOKT "xxxx" QSC) Cavabdeh qarşı kredit borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 368.40 (üç yüz altmış səkkiz manat, qırx qəpik) manat borcun və həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 398.80 (üç yüz doxsan səkkiz manat, səksən qəpik) manat kredit borcu məbləğində vəsaitin tutularaq BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 1746,00 AZN (min yeddi yüz qırx altı manat) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 360-EMB-1263-21 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023cü il tarixə əsas borcu 368.40 AZN (üç yüz altmış səkkiz manat 40 qəpik) olmaqla ümumi borcu 368.40 AZN (üç yüz altmış səkkiz manat 40 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, 5742/22 və 5743/22 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır”, “ünvan tam deyil” qeydləri aparılmaqla pretenziya (xəbərdarlıq) məktublarının bizdən asılı olmayan səbəblərdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün 23 oktyabr 2023-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan:xx.xx.2021-ci il tarixli 360-EMB-1263-21 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mebel almaq məqsədilə 1746 AZN məbləğində istehlak krediti istifadə haqqı illik 0% hesablanmaqla 18 ay müddətinə verilmişdir. xx.xx.2021-ci il tarixli 360-EMB-1263-21 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 97 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 14 sentyabr 2023-cü il tarixli MA-0032098-23 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə BOKT "xxxx" QSC-yə olan borcu 368.40 (üç yüz altmış səkkiz manat qırx qəpik) manat əsas, 0.00 manat faiz, 0.00 manat, cəmi 368.40 (üç yüz altmış səkkiz manat qırx qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 5472/22 nömrəli bildirişdən görünür ki, Cavabdeh mövcud olan borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə xəbərdarlıq məktubu göndərilmiş. Lakin poçt tərəfindən “bu ünvanda yaşamır”, “ünvan tam deyil” qeydləri aparılmaqla pretenziya (xəbərdarlıq) məktublarınin BOKT "xxxx" QSC-dən asılı olmayan səbəblərdən cavabdehə çatdırılmamışdır. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, BOKT "xxxx" QSC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli 360-EMB-1263-21 nömrəli kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü kredit öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, BOKT "xxxx" QSC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı BOKT "xxxx" QSC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsini tələb etmək hüququ yaranmışdır. Çünki, cavabdehin xx.xx.2023-cü il tarixə onun BOKT "xxxx" QSC-yə 368.40 manat məbləğində kredit borcu vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 360- EMB-1263-21 nömrəli kredit müqaviləsinə əsasən 368.40 manat borc məbləği tutularaq BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 360-EMB-1263-21 nömrəli kredit müqaviləsi üzrə 368.40 manat kredit borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 398.80 (üç yüz doxsan səkkiz manat, səksən qəpik) manat pul vəsaiti BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar