Məhkəmə qərarları › İş №e-2(111)-305/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-305/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-305/2025 24.11.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi X2, iddiaçı "X3" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4081.71 AZN əsas, 752.97 AZN faiz, 161.08 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 4995.76 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 69.96 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul olunduqdan sonra xx.xx.2025-ci il tarixdə İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək iddia ərizəsində texniki səhv nəticəsində“...Cavabdeh İSMAYİLOV AĞƏMMƏD ƏLİ OĞLU xx.xx.2024-cü il tarixli ərizəanketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq sms vasitəsi ilə cavabdehə, illik 28% olmaqla, 4900 manat məbləğində kredit xətti açılmışdır...” yazılmaq əvəzinə səhvən “...Cavabdeh İSMAYİLOV AĞƏMMƏD ƏLİ OĞLU xx.xx.2024-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir...” yazılmışdır. Bundan başqa iddia ərizəsinə X9 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC (bundan sonra – Bank) tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyir. X9 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir... hissəsi əlavə edilməmişdir. Standart şərtlərə əsasən müştəri, kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri X9, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Odur ki, qeyd olunanın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin ərizəsinini nəzərə alaraq iddia ərizəsinə dəiqləşdirilmiş formada baxmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə-anketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq sms vasitəsi ilə cavabdehə, illik 28% olmaqla, 4900 manat məbləğində kredit xətti açılmışdır. X9 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 14 dekabr 2010-cu il tarixdə verilmiş 73 saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Kommersiya Bankı ASC (bundan sonra – Bank) tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyir. X9 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 13 oktyabr 2025, bazar ertəsi tarixinə "xxxx" KB ASCyə 4081.71 AZN əsas, 752.97 AZN faiz, 161.08 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 4995.76 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan:- İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizə-anketi Cavabdeh imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsinə dair 02U/23 saylı standart şərtlər ilə razılaşmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sms bildirişindən görünür ki, "xxxx" ASC İsmayılov X5 illik 28% dərəcəsi ilə 4900 manat məbləğində nağd kredit təklif etmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh bu təklifi qəbul etmiş və həmin sms bildirişdə hər ayın 29 tarixdə 269 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hesab üzrə çıxarışdan görünür ki, X1 hesabına 4900 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 4081.71 manat əsas, 752.97 manat faiz, 161.08 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 4995.76 manat borcu vardır. Cavabdeh məxsus xx.xx.2024-xx.xx.2025-ci il tarixləri əhat edən hesab üzrə çıxarışdan görünür ki, cavabdeh müqavilə üzrə ümumilikdə 818.29 manat əsas borc, 532.97 manat faiz borcundan ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 10527nkXRDb/24 nömrəli müqavilə üzrə "xxxx" ASC-yə borcunun olması barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin 3 iş günü müddətində ödənilməklə müqavilənin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 69.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixli 10527nkXRDb/24 saylı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc, əsas borca görə hesablanmış faizləri və cəriməni vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, əsas borca hesablanmış faizlərin və cərimənin tam məbləğini tələb etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə iş materiallarını araşdırarkən məlum olmuşdur ki, iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən bütün borc məbləğini tələb etməklə faktiki olaraq müqavilədən imtina etməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə iddia qaldıran zaman müqavilədən imtina etdiyi xx.xx.2025-ci ildən sonrakı dövr üçün də müqavilə üzrə faizlər hesablamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1- ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, borc məbləği kredit müqaviləsindən imtina olunduğu anadək mövcud olan həddə hesablanaraq cavabdeh 4081.71 manat əsas, 485.31 manat faiz, 59.04 manat cərimə olmaqla, cəmi 4626.06 manat borc alınaraq iddiaçı “Unibank KB “ASC-nin hesabına köçürülməli, iddia digər hissədə rədd edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 69.96 manat dövlət rüsumunun 64.78 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 10527nkXRDb/24 saylı kredit müqaviləsi üzrə 4081.71 manat əsas, 485.31 manat faiz, 59.04 manat cərimə olmaqla, cəmi 4626.06 manat və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 64.78 manat hissəsi olmaqla ümumilikdə 4690.84 (död min altı yüz doxsan manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar