Məhkəmə qərarları › İş №e-2(111)-310/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-310/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-310/2024 27.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı Kəngərli Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 600 manat əsas borc, 30 manat faiz, 87 manat komissiya və 363 manat cərimə olmaqla, cəmi 1080 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 31.20 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 600 AZN əsas, 30 AZN faiz, 87 AZN komissiya və 363 AZN cərimə, cəmi 1080 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,80 AZN və 0,40 AZN məbləğində xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi xx.xx.2023-cü il tarixli **********006 nömrəli “mikrokredit müqaviləsi”nə əsasən cavabdehə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-dən 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 600 manat kredit verildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənin şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, borclunun müqavilənin tələblərini pozaraq öhdəlikləri icra etmədiyini, xəbərdarlıq edilməsinə baxmayaraq borclunun borcu ödəməkdən boyun qaçırdığını bildirərək iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********006 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-dən 30 gün müddətinə 600 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh 600 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 600 manat əsas borc, 30 manat faiz , 87 manat komissiya və 363 manat cərimə borcu olmaqla, cəmi 1080 manat borcu vardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün onun iddiaçıya 1080 manat borcu yaranmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, və.s) sübuta yetirmişdir. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85 % həcmində faiz tələb etmək hüquqna malikdir. Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə dəbbə pulu (cərimə) borcu ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 600 manat əsas borca münasibətdə 363 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 600 manat əsas borca mütənasib olaraq 60 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 22.15 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Kəngərli rayon Xok kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 600 manat əsas borc, 30 manat faiz , 87 manat komissiya və 60 manat cərimə borcu olmaqla, cəmi 777 (yeddi yüz yetmiş yeddi) manat borc, ödənilmiş dövlət rüsumunun 22.15 (iyirmi iki manat on beş qəpik) manatlıq hissəsi və 0.40 manat məbləğində xidmət haqqı olmaqla cəmi 799.55 (yeddi yüz doxsan doqquz manat əlli beş qəpik) manat məbləğində vəsait tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC- yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar