Məhkəmə qərarları › İş №e-2(111)-370/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-370/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-370/2025 05.02.2026 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 804,55 manat məbləğində əsas borcu və 88,95 manat faiz borcu olmaqla cəmi 893,50 (səkkiz yüz doxsan üç manat, əlli qəpik) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli, 109797-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə kredit xətti ayrılmışdır. Həmin müqavilənin 2.11-ci bəndinə əsasən, kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.11-ci bəndində göstərilmiş hal yarandığına görə 06 fevral 2024-cü il tarixli, 109797-PC********** nömrəli kredit xətti müqaviləsi 20 noyabr 2024-cü il tarixdə avtomatik olaraq kredit müqaviləsinə çevrilmişdir. Müqaviləyə əsasən həmin tarixdə borcalanın borclu olduğu 1064,73 manat məbləğində borc 24 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 02 dekabr 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 804,55 manat məbləğində əsas borcu və 88,95 manat faiz borcu olmaqla cəmi 893,50 (səkkiz yüz doxsan üç manat, əlli qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş:- İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli 109797- PC********** nömrəli istehlak kredit xətti müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 1000 manat məbləğində kredit xətti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2024-cü il tarixli 109797- PC********** nömrəli istehlak kredit xətti müqaviləsinin 3.2 və 3.3-cü bəndlərinə əsasən tərəflər bu müqaviləni imzalamaqla bankın rəsmi internet səhifəsində (www.expressbank.az) yerləşdirilmiş ümumi şərtlərin bu bank məhsulu ilə bağlı müəyyən etdiyi şərtləri qəbul etdiklərini təsdiq edirlər. 06 fevral 2024-cü il tarixli 109797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsinin 3.2-ci bəndi ilə təsdiq edilmiş Ümumi Şərtlərin 2.2.6.1 və 2.2.6.6-cı bəndlərinə əsasən borcalan tərəfindən ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında qaytarılmaması və ya lazımi qaydada və məbləğdə qaytarılmaması və ya faizlərin ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) hallarda bank ümumi şərtlər və müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış 06 fevral 2024-cü il tarixli 109797-PC********** nömrəli istehlak kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka 804,55 manat əsas borc və 88,95 manat faiz borcu olmaqla cəmi 893,50 manat borcu vardır. xx.xx.2025-ci il tarixli 109/109/0416/2025 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli **********24 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən “ASAN ödəniş” sistemi vasitəsilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, borclu şəxs hazırkı iş üzrə Cavabdeh 06 fevral 2024-cü il tarixli, 109797-PC********** nömrəli kredit xətti müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq iş üzrə İddiaçı ASC-nin müqavilə üzrə cavabdehdən əsas borcun və kreditdən istifadəyə görə faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə iş materiallarını araşdırarkən məlum olmuşdur ki, iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən bütün borc məbləğini tələb etməklə faktiki olaraq müqavilədən imtina etməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə iddia qaldıran zaman müqavilədən imtina etdiyi xx.xx.2025-ci ildən sonrakı dövr üçün də müqavilə üzrə faizlər hesablamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, borc məbləği kredit müqaviləsindən imtina olunduğu anadək mövcud olan həddə hesablanaraq cavabdeh 804,55 manat əsas və 50,99 manat faiz olmaqla cəmi 855,54 manat borc alınaraq İddiaçı ASC-nin hesabına köçürülməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 28,73 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 fevral 2024-cü il tarixli, 109797-PC********** nömrəli kredit xətti müqaviləsindən yaranmış 804,55 manat əsas, 50,99 manat faiz, cəmi 855,54 manat və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 28,73 manatlıq hissəsi olmaqla ümumilikdə 884,27 (səkkiz yüz səksən dörd manat, iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar