Məhkəmə qərarları › İş №e-2(111)-40/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-40/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-40/2025 22.01.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 4764.68 manat məbləğində əsas kredit borcu, 119.38 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 4.41 manat məbləğində penya olmaqla, cəmi 4888.47 manat məbləğində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 68.89 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli 45240***- *******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən artıq olmamaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2023-cü il tarixli 45240***-*******02L saylı əsas Kredit limit razılaşmasının şərtlərinə, 1.1, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2023cü il tarixdə Cavabdeh 36 ay müddətinə illik 14.5 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7000 AZN məbləğində kredit verilmişdir (sms kredit mətni iddia ərizəsinə əlavə edilmişdir). Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4764.68 manat məbləğində əsas kredit borcu, 119.38 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 4.41 manat məbləğində penya olmaqla, cəmi 4888.47 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli 45240***-*******02L saylı əsas kredit limiti razılaşmasının 1.1ci bəndinə əsasən Kreditverən Borcalana 50000 (əlli min) manat məbləğində 120 (yüz iyirmi) ay müddətinə xx.xx.2033-cü il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində Borcalan ona kredit verilməsi barədə Kreditverənə müraciət etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli 45240***-*******02L saylı əsas kredit limiti razılaşmasının 4.1.1-ci bəndinə əsasən, 3 (üç) bank günü ərzində Borcalan ona verilmiş kredit hissəsini və onun faizini ödəmək iqtidarında olmadıqda Kreditverən bu əsas kredit razılaşmasına birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 45240***-*******02L saylı müqavilənin 5.6-cı bəndi ilə şərtlərini qəbul etdiyi “Kompleks Bank Xidməti Müqaviləsi”nin 11.13-cü bəndinə əsasən borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40%-i məbləğində cəriməni ödəməlidir. xx.xx.2023-ci il tarixli sms bildirişindən görünür ki, İddiaçı ASC 36 ay müddətinə illik 14.5 faiz dərəcəsi 70 AZN komissiya ilə 7000 AZN kredit təklif edir. Aylıq ödəniş 241.01 AZN olmaqla hər ayın 24-dək ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Cavabdeh bu təklifi qəbul etmiş və xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri əhatə edən hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh hesabına bank tərəfindən 7000 manat köçürülmüşdür. xx.xx.2024-cü il tarixli 2139 nömrəli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 4764,68 manat əsas, 119,38 manat faiz, 4,41 manat penya borcu olmaqla cəmi 4888,47 manat borcu vardır. xx.xx.2024-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı ASCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 68,89 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olundu ki borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli 45240***-*******02L saylı əsas kredit limiti razılaşması ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borc, əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, və nəticədə xx.xx.2024-cü il tarixə 4764,68 manat əsas, 119,38 manat faiz və 4,41 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə İddiaçı ASC-nin müqavilə üzrə cavabdehdən əsas borcun, kreditdən istifadəyə görə faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürərək təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 45240***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə xx.xx.2024-cü il tarixə yaranmış 4764,68 manat əsas, 119,38 manat faiz və 4,41 manat cərimə borcu olmaqla cəmi 4888,47 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 68.89 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 45240***-*******02L saylı kredit limiti razılaşmasına əsasən 4764,68 manat əsas, 119,38 manat faiz və 4,41 manat cərimə borcu olmaqla cəmi 4888,47 manat və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 68,89 manat dövlət rüsumu olmaqla ümumilikdə 4957,36 (dörd min doqquz yüz əlli yeddi manat, otuz altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar