Məhkəmə qərarları › İş №e-2(111)-54/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-54/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-54/2022 23.02.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2079.41 manat məbləğində əsas borc və 1149.56 manat faiz borcu olmaqla, cəmi 3228.97 manat borcun və 52.69 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 16 mart 2020-ci il tarixli, 106804-873132/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 07 yanvar 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2079.41 manat məbləğində əsas borcu və 1149.56 manat faiz borcu olmaqla, ümumilikdə 3228.97 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün 21 yanvar 2022-ci il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 16 mart 2020-ci il tarixli, 106804-873132/1 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün illik 25% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci və 5.1.5-ci bəndlərinə əsasən ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödənilmədiyi halda kredit verən müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarında olan 16.03.2020-ci il tarixli TT20076G0P02 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 4000 manat məbləğində vəsait verilmişdir. İş materiallarında olan 07.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" ASC-yə 2079.41 manat əsas, 1149.56 manat faiz olmaqla, cəmi 3228.97 manat borcu vardır. Kredit müqaviləsi üzrə gecikmə 236 gün təşkil edir. İş materiallarında olan 16 mart 2020-ci il tarixli, 106804-873132/1 saylı kredit müqaviləsinin 1 nömrəli əlavəsindən görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh 16.04.2020-ci il tarixdən etibarən 16.02.2022-ci il tarixədək hər ay 213.49 manat son ödəmə tarixi olan 16.03.2022-ci il tarixdə isə 213.34 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.01.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə ərizə verilərkən 52.29 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, 16 mart 2020-ci il tarixli, 106804-873132/1 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən borclu Cavabdeh ona verilmiş kreditdən hesablanmış faizlə birlikdə 07.01.2022-ci il tarixə 4696.78 manat ödəməli olduğu halda, cəmi 1894.64 manat ödəmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olundu ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh 16 mart 2020-ci il tarixli, 106804-873132/1 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə iddiaçı "xxxx" ASC-nin müqavilə üzrə cavabdehdən əsas borcun və kreditdən istifadəyə görə faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə üzrə 2079.41 manat əsas borc, 1149.56 manat faiz borcu olmaqla, cəmi 3228.97 manat məbləğində borcun tutulması barədə tələbi əsaslıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16 mart 2020-ci il tarixli, 106804-873132/1 nömrəli kredit müqaviləsi üzrə 07 yanvar 2022-ci il tarixinə yaranmış 2079.41 manat əsas borc, 1149.56 manat faiz borcu olmaqla, cəmi 3228.97 manat məbləğində kredit borcu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 52.29 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16 mart 2020-ci il tarixli, 106804-873132/1 saylı kredit müqaviləsindən yaranmış əsas borc üzrə 2079.41 manat, faiz borcu üzrə 1149.56 manat, cəmi 3228.97 manat məbləğində kredit borcu və 52.69 manat məbləğində dövlət büdcəsinə ödənilmiş vəsait, ümumilikdə 3281.66 (üç min iki yüz səksən bir manat, altmış altı qəpik) manat məbləğində pul "xxxx" ASC -nin xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar